Ermənistanın qatı milətçi Daşnaksütyun partiyasının üzvlərinin həbsi başlayıb.

“AzPolitika" xəbər verir ki, bu barədə erməni mətbuatı partiyanın bəyanatına istinadla məlumat yayıb. Məlumatda deyilir ki, həbslər partiyanın rayon şöbələrində aparılıb. Rayon təşkilatlarının məsul şəxslərinin evlərində axtarışlar keçirilib.

Daşnaklar bu həbslərin Nikol Paşinyanın Türkiyəyə səfəri zamanı baş verməsini təsadüfi saymırlar: “Partiya üzvlərinə qarşı siyasi təqiblərin yeni mərhələsi Paşinyanın Türkiyəyə səfəri ilə paralel başladı”.

Daşnaksütyun partiyasının rəhbərlərindən İşxan Saqatelyan bildirib ki, partiyanın bölgələrdəki strukturlarının rəhbərlərinə qarşı qanunsuz həbslər və axtarışlar həyata keçirilib.

Öz növbəsində Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məsələ ilə bağlı bildirib ki, polisə ictimai asayişin pozulmasına yönəlmiş fəaliyyətlərin hazırlandığı barədə operativ məlumatlar daxil olub.

“Polis gücləndirilmiş rejimdə fəaliyyət göstərir və preventiv, izahlayıcı tədbirlər həyata keçirilir. Cəmiyyətə müraciət edərək ictimai asayişi qorumağa çağırırıq. Hər hansı qeyri-qanuni hərəkətə sərt şəkildə cavab veriləcək,” – deyə rəsmi açıqlamada vurğulanır.

“AzPolitika.info”