Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin enerji sektorunda ciddi dəyişikliklərə start verildiyini açıqlayıb. Onun sözlərinə görə, “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin dövlətləşdirilməsi planı artıq hazırdır və yaxın günlərdə icrasına başlanacaq.
Paşinyan bildirib ki, proses tam şəkildə Ermənistan qanunvericiliyinə uyğun həyata keçiriləcək.
Bu açıqlama ötən həftə səsləndirilən bəyanatın davamı kimi qiymətləndirilir. Həmin vaxt Rusiyada yaşayan erməni əsilli oliqarx, “Tashir Group”un sahibi Samvel Karapetyan Paşinyanın Ermənistan Apostol Kilsəsinə qarşı mövqeyini tənqid etmiş və ehtiyac yaranarsa “öz üsulları ilə cavab verəcəklərini” demişdi.
Karapetyanın bu hədəsindən qısa müddət sonra hüquq-mühafizə orqanları onun Yerevandakı malikanəsində axtarış aparıb, özü isə saxlanılıb. Eyni vaxtda hökumət “Elektrik Şəbəkələri”nin dövlətə qaytarılacağını rəsmən elan edib.
Rəsmilər bu iki hadisənin bir-biri ilə əlaqəli olmadığını, dövlətləşdirmə qərarının ictimai narazılıqlara cavab olduğunu bildirsələr də, ekspertlər bu ardıcıllığın təsadüfi olmadığını düşünürlər.
Qeyd edək ki, Samvel Karapetyan təxminən 10 il əvvəl “Ermənistan Elektrik Şəbəkələri”ni satın almış və hazırda şirkət ölkədə 1 milyondan çox abunəçiyə xidmət göstərməkdədir.
Bu addım daxildə enerji sektoruna dövlət nəzarətinin gücləndirilməsi, xaricdə isə Rusiya kapitallı biznes dairələrinin sıxışdırılması kimi qiymətləndirilir. Karapetyanın kilsə ilə bağlı təhdidlərindən sonra onun iqtisadi maraqlarının hədəfə alınması, Ermənistan-Rusiya münasibətlərində yeni gərginlik dalğasına səbəb ola bilər.
Rasim Əliyev
AzPolitika.info


Şərhlər