Menu

"Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir" - Baxçalıdan mühüm MESAJLAR

27.10.2026, 22:03
"Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir" - Baxçalıdan mühüm MESAJLAR

Türk dünyasının birliyi hər hansı bir dövlətin digərinin üzərində hakimiyyət qurması mənasına gəlmir və Azərbaycanla Türkiyə arasındakı qardaşlıq tarixi bir mahiyyət daşıyacaq qədər dərindir.

Bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı "Facebook" hesabında yazıb.

"Türk dünyasının birliyi, hər hansı bir dövlətin digərinin üzərində hakimiyyət qurması mənasına gəlmir. Bizim arzuladığımız müstəqil dövlətlərin suveren bərabərliyi əsasında, qarşılıqlı hörmət və qardaşlıq hüququ ilə güclənən, hər bir üzvümüzün milli varlığını və iradəsini qoruyan bir birlikdir", - o bildirib.

O bildirib ki, Türk dünyasını təşkil edən qardaş dövlətlərlə bağların zədələnməsi, yalnız iki dövlət arasındakı münasibətlərə aid olan bir məsələ kimi görülə bilməz: "Bu bağlar, tariximizin, qarşılıqlı etimadımızın və gələcəyə yönəlik məfkurələrimizin ayrılmaz bir parçasıdır.

Azərbaycanla Türkiyə arasındakı qardaşlıq gündəlik hadisələrin sərhədlərinə sığışdırıla bilməyəcək qədər köklü; siyasi və diplomatik məsələlərin fövqündə tarixi bir mahiyyət daşıyacaq qədər dərindir. Qardaşlığımız, iki millətin iradəsi ilə güclənmiş, ortaq mübarizələrlə möhkəmlənib və nəsillər boyu yaşadılıb".

***

Dövlət Baxçalının açıqlamasının tam mətinini təqdim edirik:

"Türkiyə tarixinin ən əlamətdar dövrlərindən birini yaşayırıq. Tarixin və taleyin dönüş nöqtələrindən birinə hamılıqla şahidlik edirik.

Türkiyə Cümhuriyyətinin yaradılmasının 103-cü, Türk cümhuriyyətlərinin müstəqillik qazanmasının isə 35-ci ildönümü mübarək olsun!

Bu iki tarixi nailiyyəti birlikdə qeyd etmək səadəti xalqımız üçün böyük qürur mənbəyidir. Çünki türk xalqı tarixin bütün dövrlərində müstəqilliyinə və azadlığına vurulmaq istənilən zəncirləri qırıb atan, qarşısına çəkilmək istənilən sədləri dağıdıb keçən bir xalq olub.

Məhz buna görə də Cümhuriyyətimizin 103-cü ildönümünü və Türk cümhuriyyətlərinin müstəqilliklərinin 35-ci ildönümünü birlikdə qeyd etdiyimiz bu əlamətdar dövrdə paytaxtımız Ankaranın türk dövlətlərinin liderlərini qəbul edəcək olması milli tariximizlə Türk dünyasının gələcəyi arasında güclü və mənalı bir bağ yaradır.

Bu sammit köklü tariximizdən aldığımız güclə qardaşlıq əlaqələrimizi möhkəmləndirmək, müstəqil dövlətlərimizin suverenliyinə qarşılıqlı hörmət əsasında ortaq hədəflərimizi irəli aparmaq və Türk dünyasının gələcəyinə istiqamət verəcək qətiyyətli iradəni nümayiş etdirmək baxımından müstəsna əhəmiyyət daşıyır.

Bu müqəddəs gün münasibətilə Türk dünyasına səslənmək istəyirəm:

Türk dünyasının bu gün çatdığı mərhələ öz-özünə əldə edilmiş nailiyyət deyil. Əsrlərin sınağından keçmiş, saysız-hesabsız çətinlikləri aşmış, böyük mübarizələr və sarsılmaz iradə sayəsində bugünkü tarixi mövqeyinə yüksəlmişdir.

Bu gün eyni amal ətrafında birləşə biliriksə, bunun arxasında dilini, mədəniyyətini, mənəvi irsini və gələcəyə dair idealını nəsildən-nəslə ötürən böyük bir sivilizasiya zənginliyi dayanır.

Bu zənginlik Manasdan Alpamışa, Dədə Qorquddan Yusif Balasaqunluya, Mahmud Kaşğaridən Əlişir Nəvaiyə, Xoca Əhməd Yəsəvidən Yunus Əmrəyə, Abaydan Məhtimquluya, Nəsimidən Süleyman Çələbiyə, İsmayıl Qaspıralıdan Ziya Gökalpa qədər uzanan möhtəşəm fikir, mənəviyyat və amal irsidir.

Hər biri öz dövründə türk xalqının dilini, mədəniyyətini, düşüncəsini və ortaq gələcəyini yaşatmaq uğrunda mübarizə aparmış bu böyük şəxsiyyətlər bu gün aramızda yüksələn mənəvi və fikir körpülərinin təməl daşlarıdır.

Manasın cəsarətində, Alpamışın igidliyində, Dədə Qorqudun müdrikliyində, Əhməd Yəsəvinin irfanında, Abayın hikmətində və Məhtimqulunun azadlıq idealında eyni sivilizasiyanın dərin izləri vardır. Bu izlər keçmişdən bu günə uzanan tarixi davamlılığımızın və kimliyimizin nişanəsidir.

Cədidçilik məşəlini yandıraraq Türküstan coğrafiyasında böyük oyanışa öncüllük etmiş İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” idealı isə bu irsin gələcəyə daşınmasında güclü bir rəhbər olmuşdur.

Əsrlər boyu coğrafiyalarımız ayrılmış, aramıza sərhədlər çəkilmiş, yollarımıza məsafələr girmişdir. Lakin qəlblərimiz arasındakı bağlar qırılmamış, tarixi yaddaşımız silinməmiş, qardaşlıq duyğumuz aradan qalxmamışdır.

Çünki bizi bir-birimizə bağlayan, bizi birləşdirən ortaq tariximiz, dilimiz, mədəniyyətimiz, ideallarımız və gələcəyə dair təsəvvürümüzdür. Bu bağ zamanın aşındıra bilmədiyi, məsafələrin zəiflədə bilmədiyi və şəraitin aradan qaldıra bilmədiyi köklü bir sivilizasiya bağdır.

Bu gün türk dövlətlərinin eyni təşkilat çətiri altında birləşməsi əsrlərə yayılan bu böyük yürüşün növbəti mərhələsidir. Türk Dövlətləri Təşkilatı tarixi yaxınlığımızı institusional əlaqələrlə gücləndirən, siyasi iradəmizi konkret hədəflərlə birləşdirən və ortaq gələcəyimizə istiqamət verən platformadır.

Qarşımızda duran vəzifə aydındır: tariximizin bizə əmanət etdiyi dəyərləri gələcəyin imkanları ilə birləşdirmək, qardaşlıq hüququnu möhkəmləndirmək, iqtisadi və mədəni əlaqələrimizi inkişaf etdirmək, Türk dünyasının beynəlxalq aləmdə nüfuzunu artırmaq və gələcək nəsillərə daha güclü Türk dünyası miras qoymaq.

Bunun yolu qarşılıqlı etimadı əsas götürməkdən, müstəqilliyə və suverenlik hüquqlarına hörmətlə yanaşmaqdan, hər bir dövlətin milli iradəsini nəzərə almaqdan və ortaq hədəflərimizi qətiyyətlə həyata keçirməkdən keçir.

Burada xüsusilə vurğulamaq istəyirəm ki, Türk dünyasının birliyi hər hansı dövlətin digər dövlət üzərində hökmranlıq qurması demək deyil. Bizim arzuladığımız müstəqil dövlətlərin suveren bərabərliyi əsasında, qarşılıqlı hörmət və qardaşlıq hüququ ilə möhkəmlənən, hər bir üzvümüzün milli varlığını və iradəsini qoruyan birlikdir.

Bu anlayışın qarşısında dayanan heç bir hesab türk xalqının əsrlərə söykənən tarixi bağlarından daha güclü deyil. Türk dünyasının birliyini zəiflətməyə, qardaş dövlətlər arasında etimadsızlıq yaratmağa və gələcəyimizə kölgə salmağa yönələn istənilən cəhd qarşısında sağlam düşüncəni, qətiyyəti və qardaşlıq hüququnu əsas götürməliyik.

Xüsusilə vurğulayaraq bildirmək istəyirəm: Türk dünyasını təşkil edən qardaş dövlətlərimizlə aramızdakı qardaşlıq əlaqələrinin zədələnməsi yalnız iki dövlət arasındakı münasibətlərə aid məsələ kimi qiymətləndirilə bilməz. Bu bağlar tariximizin, qarşılıqlı etimadımızın və gələcəyə dair ideallarımızın ayrılmaz hissəsidir.

Azərbaycanla Türkiyə arasındakı qardaşlıq gündəlik hadisələrin çərçivəsinə sığmayacaq qədər köklü, siyasi və diplomatik məsələlərin hüdudlarını aşan tarixi mahiyyətə malik olacaq qədər dərindir. Qardaşlığımız iki xalqın iradəsi ilə möhkəmlənib, ortaq mübarizələrlə daha da güclənib və nəsillər boyu yaşadılıb.

Eyni həssaslıq Türk dünyasının bütün qardaş dövlətlərinə münasibətdə də keçərlidir. Heç bir anlaşılmazlığın böyüdülməsinə, heç bir fikir ayrılığının qalıcı parçalanmaya çevrilməsinə, aramıza heç bir nifaq toxumunun səpilməsinə imkan verilməməlidir.

Qardaşlıq hüququ qarşılıqlı hörmət və ortaq gələcəyə inam əsasında qorunur.

Bu səbəbdən Türk dünyasının hər bir üzvünün vəzifəsi tarixi yaxınlığımızı gündəlik mübahisələrdən üstün tutmaq, fərqliliklərimizi ayrılıq səbəbinə çevirməmək və gələcəyimizi zəiflədəcək addımlardan uzaq durmaqdır.

Unudulmamalıdır ki, Türk dünyasının gücü bir-birimizə bəslədiyimiz etimadda, müstəqilliyimizə göstərdiyimiz hörmətdə, mədəni zənginliyimizdə və ortaq hədəflərimiz ətrafında nümayiş etdirdiyimiz iradədədir.

Türk Dövlətləri Təşkilatının 2040-cı il Vizyonu da bu tarixi məsuliyyətin gələcəyə yönəlmiş çərçivəsini müəyyənləşdirir.

Bu vizyonun hədəfləri istiqamətində siyasi koordinasiyamızı inkişaf etdirmək, iqtisadi əlaqələrimizi gücləndirmək, nəqliyyat və enerji dəhlizlərimizi daha səmərəli etmək, təhsildən mədəniyyətə qədər müxtəlif sahələrdə davamlı nailiyyətlər əldə etmək hamımızın ortaq məsuliyyətidir.

Türkiyənin potensialını, imkanlarını və təcrübəsini Türk dünyasının yüksəlişi ilə birləşdirmək “Türk və Türkiyə Əsri” hədəfini geniş bir mənəvi coğrafiyanın ortaq gələcəyi ilə birlikdə düşünmək deməkdir.

Bizim hədəfimiz tarixi köklərindən güc alan, müasir dövrün imkanlarından yararlanan, müstəqilliyini qoruyan və beynəlxalq aləmdə söz sahibi olan güclü Türk dünyasıdır.

Türk dünyasının birlik və inteqrasiya prosesi artıq qəlblərdə və duyğularda əks-səda tapan yaxınlaşma mərhələsini geridə qoyub. Bu proses institusional strukturlarla konkret məzmun qazanıb, ortaq iradə ilə güclənib və inamlı addımlarla gələcəyə doğru irəliləyən davamlı bir zəminə çevrilib.

Türk dünyasının gələcəyi ortaq məsuliyyətimizdir. Qardaşlığımızı qorumaq, müstəqil dövlətlərimizin suverenliyinə hörmət göstərmək və tarixi yürüşümüzü gələcək nəsillərə çatdıraraq davam etdirmək hamımızın borcudur.

Bu düşüncələrlə Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Dövlət və Hökumət Başçıları Zirvəsinin ölkəmiz, qardaş dövlətlərimiz və bütün Türk dünyası üçün xeyirlərə vəsilə olmasını arzulayıram.

Zirvənin qardaşlıq əlaqələrimizi daha da gücləndirməsini, ortaq hədəflərimizə yeni üfüqlər açmasını və Türk dünyasının parlaq gələcəyinə davamlı töhfələr verməsini diləyirəm.

Bu duyğu və düşüncələrlə mənəvi və mədəni coğrafiyamızın dörd bir tərəfində yaşayan bütün qardaşlarımıza ən səmimi salamlarımı və məhəbbətimi çatdırıram.

Uca Allah Türk dünyasının birliyini daim, qardaşlığımızı möhkəm etsin!

Dövlətlərimizi güclü, xalqlarımızı firavan, qardaşlığımızı sarsılmaz, Türk dünyasının gələcəyini parlaq etsin!

Nə mutlu türkəm deyənə!"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol