Buraxılış imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yaxın gələcəkdə elektron formada keçirilməsi hələlik nəzərdə tutulmur.
"AzPolitika" xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət İmtahan Mərkəzindən bildirilib.
Qeyd edilib ki, magistraturaya qəbul imtahanlarının elektron formada təşkili ilə bağlı müvafiq hazırlıq işləri aparılır.
“Bununla bağlı əvvəllər də müvafiq elanlar verilib. Hazırda elektron imtahanların dəqiq nə vaxtdan tətbiq olunacağını söyləmək mümkün deyil. Texniki, təşkilati və məzmunla bağlı işlər tam başa çatdıqdan sonra bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”, – deyə əlavə edilib.
Xatırladaq ki, 2026-cı ilin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə ayrılmış 17 658 plan yerinin 13 845-i, yəni 78,41 faizi dolub. Müqayisə üçün qeyd edək ki, ötən il 16 848 plan yeri ayrılıb və dolma göstəricisi 79,81 faiz olub. Bu il plan yerlərinin sayı ötən illə müqayisədə 810 yer artıb.
Bu il magistraturaya qəbul 67 proqram üzrə aparılıb və proqramlar arasında müsabiqə vəziyyəti fərqli olub. Maşın mühəndisliyi, nəqliyyat mühəndisliyi, su bioehtiyatları və akvakultura, balıqçılıq, əczaçılıq, nəqliyyatda servis, aerokosmik mühəndislik və yanğın təhlükəsizliyi mühəndisliyi ixtisaslarına uyğun 4, 8, 21, 52, 55, 57, 60 və 71 nömrəli proqramlar üzrə ayrılmış plan yerləri tam (100 faiz) dolub.


Şərhlər