“Taşir Group”un sahibi, milyarder Samvel Karapetyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binasında yerləşən və Ermənistanda “KQB zirzəmisi” kimi tanınan İrəvan-Kentron cəzaçəkmə müəssisəsinə köçürülüb.
“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistan penitensiar xidmətinin mətbuat katibi Nona Navikyan məlumat verib.
O, köçürmənin səbəbi ilə bağlı suala belə cavab verib: “Rəsmi zərurətlə əlaqədar İrəvan-Kentron cəzaçəkmə müəssisəsinə köçürülüb”.
Samvel Karapetyan bundan əvvəl Armavir cəzaçəkmə müəssisəsində saxlanılırdı.
Xatırladaq ki, Karapetyan Paşinyan hökumətilə qarşıdurmada olan Erməni Apostol Kilsəsi rəhbərliyinin tərəfini tutaraq, hökuməti təhdid edən bəyanatla çıxış edib.
Hökumətlə “haqq-hesab” aparacağını və bunu “özünün bildiyi qaydada” edəcəyini deyən Karapetyana Nikol Paşinyan “Facebook”da sərt reaksiya verərək yazmışdı: “Deyir ki, biz öz yolumuzla müdaxilə edəcəyik. İndi mən də sənə öz yolumla cavab verəcəyəm, alçaq.”
Bu açıqlamadan dərhal sonra Rusiya vətəndaşı olan Karapetyan saxlanılıb və iyunun 19-da məhkəmə qərarı ilə həbs edilib. O, “hakimiyyəti zorla ələ keçirməyə çağırış” ittihamı ilə istintaqa cəlb olunub.
Karapetyanın həbsi ölkədə siyasi elita, iri biznes dairələri və kilsə arasında qarşıdurmanın açıq fazaya keçdiyini göstərir. Hökumət onun bəyanatlarını dövlətə qarşı təhdid kimi dəyərləndirsə də, bəzi müşahidəçilər bu həbsi Paşinyan hökumətinin artan daxili narazılığa qarşı qabaqlayıcı addımı kimi qiymətləndirir.
Karapetyan “Taşir Qrup” vasitəsilə Ermənistanın enerji sektorunun əsas oyunçularından olan “Hayk Elektrik Şəbəkələri”nin sahibidir. Onun həbsi ilə paralel, hökumət şirkətin dövlətləşdirilməsi planlarının hazır olduğunu açıqlayıb.
Bu hadisələr, faktiki olaraq, siyasi ritorikanın biznes maraqlarına təsir göstərdiyini göstərir. Paşinyan hökuməti bu prosesi “kilsə arxasında gizlənən revanşist qüvvələrə qarşı mübarizə” adlandırır. Müxalifət isə bunu fərqli fikrə malik ictimai fiqurlara qarşı siyasi təzyiq kimi qiymətləndirir.
Hökumət kilsə ilə dövlətin ayrılığı prinsipini əsas gətirsə də, gərginliyin hansı istiqamətdə inkişaf edəcəyi yaxın günlərdə bəlli olacaq.
Rəsmi Moskva Rusiya vətəndaşı olan milyarderin müdafiəsinə qalxsa da, Paşinyan geri çəkilməyib və göründüyü kimi, onu daha sərt təcridxanaya köçürtdürüb.
“AzPolitika.info”


Şərhlər