ABŞ Prezidenti Donald Tramp 12 günlük müharibə vaxtı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini "alçaldıcı ölümdən" xilas etdiyini bildirib.

Tramp Xameneinin yerini bilsə də, onu şəxsən ölümdən xilas etdiyini vurğulayıb.

“Onun harada olduğunu bilirdim. Onu vurmaq imkanımız vardı. Amma mən qərar verdim ki, bu addımı atmayaq. Əli Xameneini alçaldıcı şəkildə ölməkdən xilas etdim,” – deyə Tramp bildirib.

ABŞ Prezidenti bu bəyanatı ilə həm güc nümayiş etdirdiyini, həm də Xameneiyə qarşı “böyüklük göstərdiyini” vurğulayıb. Onun sözlərinə görə, bu qərar həm strateji, həm də siyasi baxımdan atılmış düşünülmüş addım olub.

Tramp çıxışında əlavə edib ki, Xameneinin son günlərdə İsrail üzərində “qələbə qazandıqları” barədə səsləndirdiyi bəyanatlar ABŞ tərəfindən xoş qarşılanmayıb. Məhz bu ritorikaya cavab olaraq, İrana qarşı sanksiyaların yumşaldılması üzrə aparılan danışıqların dayandırıldığını bildirib:

“Əgər biri bizə qarşı açıq-aşkar yalan danışır və qələbə ilə öyünürsə, biz də buna cavab olaraq güzəşt prosesini dondururuq. Bu qədər sadə,” – deyə Tramp əlavə edib.

Siyasi müşahidəçilər hesab edirlər ki, Trampın bu açıqlamaları onun prezidentliyinin ilk ilində xarici siyasətdə sərt və praqmatik kurs tutduğunu göstərir. Eyni zamanda bu bəyanatlar ABŞ-İran münasibətlərində gərginliyin yenidən artacağına işarə edir.

"AzPolitika.info"