Ermənistanda terrora, hərbi və ya hər hansı digər qanunsuz çevrilişlərə yer yoxdur.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyasından olan parlamentin vitse-spikeri Ruben Rubinyan iyulun 8-də parlamentin növbədənkənar sessiyasında deyib.
Həmin sessiyada “Ermənistan” müxalifət blokundan olan deputat Artur Sarkisyana qarşı cinayət təqibinin başlanmasına razılıq verilməsi ilə bağlı müraciət müzakirə edilib.
Onun sözlərinə görə, Ermənistanda hakimiyyət müstəsna olaraq demokratik seçkilər yolu ilə formalaşır və zorakılıq yolu ilə hakimiyyəti ələ keçirmək və ya müəyyən məqsədlərə nail olmaq cəhdi pislənilməlidir.
Vitse-spikerinin sözlərinə görə, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkat əvvəlcə Ermənistanın Tavuş vilayətindən yürüşlə başlayaraq 2018-ci ilin “məxməri inqilab” üsullarını təqlid etməyə çalışıb. Lakin bu yanaşmaların uğurlu olmayacağı bəlli olduqdan sonra “hərəkat rəhbərliyinin hərəkətləri daha aqressivləşdi və son nəticədə terror xarakteri aldı”.
Onun fikrincə, müxalifətin bir hissəsi əvvəllər dərc edilmiş səs yazısının doğruluğunu şübhə altına almaqla məsələni bulandırmağa çalışır. "Müxalifət həmkarları hər şeyi şübhə altına almağa çalışırlar. Onlar ilkin olaraq dərc edilən səs yazılarının süni intellekt tərəfindən yaradıldığını iddia edirdilər. Sonra dedilər ki, bu səs yazıları redaktə olunub. Bu gün artıq deyirlər ki, bu, sadəcə, söhbətdir. Amma həmin səs yazısında keşiş deyir: "Nikolu(Paşinyan-red.), Alanı(Simonyan-red.) və Araratı(Mirzoyan-red.) öldürsəm, bunun üçün mənə nə olacaq?" Qalstanyanın “bir neçə nəfəri güllələyin, daha 15 nəfəri həbs edin, ailələrinə təzminat verin, hamısı xoşbəxt olacaq” deməsi adi söhbətdir? Bu nədir? Kontekst tamamilə məlumdur. Söhbət siyasi hakimiyyətdən gedir”.
"AzPolitika.info”

Şərhlər