DÜNƏN Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) aparılan korrupsiya araşdırmasına dair məhkəmə iclaslarının TRT vasitəsilə birbaşa yayımlanması təklifi ilə çıxış edib.
“AzPolitika"-nın “Hürriyet”ə istinadən yaydığı məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) partiyasının qrup iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bu təklifə münasibət bildirib.
Prezident Ərdoğan Baxçalının irəli sürdüyü ideyanı müsbət qiymətləndirib: “Əgər cənab Baxçalı belə bir fikir bildiribsə, məncə bu, olduqca gözəl təşəbbüsdür, xeyirli olar”.
Canlı yayımın həyata keçirilib-keçirilməyəcəyi isə yaxın günlərdə dəqiqləşəcək.
Xatırladaq ki, bu ilin mart ayında İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğluna qarşı “cinayətkar təşkilat qurmaq və ya rəhbərlik etmək”, “cinayətkar təşkilata üzvlük”, “mənimsəmə”, “rüşvət alma və dələduzluq”, “şəxsi məlumatların qanunsuz yolla əldə olunması” kimi ittihamlarla istintaq başladılıb və o, həbs edilərək vəzifəsindən uzaqlaşdırılıb.
“AzPolitika.info"

Şərhlər
Türkiye Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının bu fikirini alqışlayırıq. Bəzən ictimayyet devlete ve xalqa qarşı oynanılan kirli oyunları görə bilmirlər və bu səbəbdən də Ekrem və Özgül kimi adamların peşndən gedib aranı qatmağa çalışırlar. Ona görə də Ekremin məhkəmə duruşmasının TRT kanalı vasitəsi ilə xalqa açıq şəkildə yürüdülməsi çox ağıllı bir fikirdir. İnşallah Ekrem və Özelin avantürüst çağrışlarına alət olan toplumun bazə kəsimləri nəyə uğrayacaqlarının həp birlikdə şahidi olacağıq.