Ukrayna Müdafiə Kəşfiyyat İdarəsinə (HUR) məxsus pilotsuz uçuş aparatları Rusiyanın Orenburq vilayətində yerləşən helium istehsal zavoduna hücum edib.
HUR mənbələrinin bildirdiyinə görə, vurulan obyekt Rusiyadakı yeganə helium istehsal mərkəzidir və Avropanın ən böyük müəssisələrindən biri sayılır. Zavodun illik təbii qaz emal gücü təxminən 15 milyard kubmetrdir və o, raket sistemləri, kosmik tədqiqatlar və aviasiya sənayesi üçün kritik tədarük zəncirində mühüm yer tutur.
Ukrayna kəşfiyyatı qeyd edir ki, Orenburq Helium Zavodu Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə birbaşa rol oynayır. Bu obyektin sıradan çıxarılması Rusiyanın raket istehsal gücünü ciddi şəkildə zəiflədə bilər.
Zərbədən sonra yerli hakimiyyət orqanları təhlükəsizlik səbəbilə M-5 “Ural” federal magistral yolunun Perevolotskoye ilə Xolodnıye Klyuçi arasındakı hissəsini bağlayıb.
Bu, HUR-un Rusiyanın yüksək texnologiyalı müdafiə infrastrukturuna vurduğu ikinci böyük zərbədir. Daha əvvəl işğal altındakı Krımda Rusiyanın ən müasir hava hücumundan müdafiə radarlarından biri olan 98L6 “Yenisey” sistemi Ukrayna dronları tərəfindən məhv edilmişdi.
"AzPolitika.info"


Şərhlər