Qarabağa “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri davam edir. Bölgələrimizdə dəmir yolu və avtomobil yollarının çəkilişi, elektrik enerjisi və su təchizatının bərpası, tikinti işlərinin sürətləndirilməsi layihələri həyata keçirilir. Təbii ki, bütün bu layihələrin uğurlu icrası bölgədə məşğulluğun da artırılmasını və yeni iş yerlərinin yaradılmasını zəruri edir.

“AzPolitika” bu konteksdə Dövlət Məşğulluq Agentliyinin elektron sistemi əsasında Qarabağda elan olunan iş imkanlarını araşdırıb.

Qeyd edək ki, sözügedən platformada müxtəlif peşə sahələrini əhatə edəm – mühafizə, nəzarət, kənd təsərrüfatı mütəxəssisləri, sürücülük, tikinti, mühəndislik, memarlıq, operatorluq, eləcə də xidmət sahələri (satıcı, çörəkçi, əczaçı) iş elanları görmək mümkündür. Elanlara əsasən, işlərin böyük hissəsi xidmət və tikinti sahələrini əhatə edir və ən çox tələbat usta peşələrinədir. Şirkətlər əsasən,18-65 yaş aralığında, orta-ixtisas təhsili olan işçi axtarışındadırlar. Əməkhaqqı məbləği işəgötürən tərəfindən müəyyən edilir və təqdim olunan elanlara əsasən maaşlar 400 manatdan başlayaraq 2841 manata qədər dəyişir. Orta maaş aralığı – 550–1700 AZN arasındadır. Xüsusi yüksək maaşlı vakansiyalar da var – Topoqraf (2449 AZN), Sahə memarı (2000+ AZN), Baş mühasib (2841 AZN) və s.

"Qarabağda çalışanlar hər il 600 manat birdəfəlik müavinət alır"

Bu barədə iqtisadçı, deputat Vüqar Bayramov bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən, qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrinə aid olmayan işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqları 2026-cı ilədək tam olaraq dövlət tərəfindən subsidiyalaşdırılacaq:"Yəni, dövlət bu ödənişləri öz üzərinə götürəcək. 2026-cı ildən başlayaraq 3 il ərzində isə subsidiya faizi 80, sonrakı 3 ildə 60 və uyğun olaraq daha sonra 40 faiz olacaq. Fərdi sahibkarlar, ailə-kəndli təsərrüfatları, torpaq pay mülkiyyətçiləri tərəfindən ödənilən sosial sığorta haqlarının isə 10 il müddətində tam olaraq dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq. Yeni dəyişikliklərə əsasən, ödənilən sosial sığorta haqları dövlət büdcəsindən onlara geri qaytarılacaq, işçilərin isə fərdi hesablarında pensiya kapitalı toplanması, beləliklə, sosial sığorta stajları davam edəcək".

Deputat xatırladıb ki, 2023-cü ildən Əmək Məcəlləsində yeni dəyişikliklər qüvvəyə minib. Bu dəyişikliklər işğaldan azad oluna ərazilərimizdə - Qarabağ və Şərqi Zəngəzurda məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqini nəzərdə tutur.

"Bu dəyişikliklərə əsasən, Əmək Məcəlləsinə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis” anlayışı əlavə olunub. Peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər bu kateqoriyaya daxil ediləib. Həmin vətəndaşlarımız aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı hər il 600 manat birdəfəlik müavinət ala bilirlər. Onlar, həmçinin hər il 5 gün əlavə məzuniyyət götürmək hüququna malikdirlər.  Deməli, işğaldan azad olunan ərazidə çalışan vətəndaşlarımız artıq maaşına əlavənin hesablanması, hər il 600 manat birdəfəlik müavinətin alınması hüquqlarına malikdirlər. Sosial sığorta haqlarının subsidiya edilməsi də onların maaşlarının daha da artmasına imkan verəcək”, - deputat qeyd edib.

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşan 5 min 860 nəfər işlə təmin edilib

Qeyd edək ki, 2025-ci il sentyabrın 12-nə olan rəsmi məlumatlara əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşan iqtisadi fəal əhalidən 5 min 860 nəfərin məşğulluğu təmin edilib. Onların 4 min 7 nəfəri müxtəlif sahələrdə işlə təmin olunub, 451 nəfər özünüməşğulluq proqramına cəlb edilib. Fərdi qaydada özünüməşğul olanların sayı isə 1060 nəfər olub ki, onların da əsas fəaliyyət sahələri xırda ticarət, kənd təsərrüfatı, yük və sərnişindaşıma xidmətləridir. Bundan başqa, 281 nəfər peşə hazırlığı kurslarına qatılıb, daha 566 nəfərin məşğulluğa cəlb olunmasına dair proses davam etdirilir. Rəqəmlər göstərir ki, məskunlaşma artdıqca iş yerlərinə tələbat da yüksəlir və Dövlət Məşğul Agentliyi bu tələbi qarşılayacaq mexanizmləri ardıcıl inkişaf etdirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Hasil Abbasov isə bildirib ki, 2022-ci ildə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” bu istiqamətdə yol xəritəsini müəyyənləşdirib:"Proqramın əsas məqsədlərindən biri kimi dayanıqlı məskunlaşmanı təmin etmək, o cümlədən əhalinin daimi məskunlaşmasını stimullaşdırmaq üçün onların sosial müdafiəsini gücləndirmək və məşğulluq imkanlarını artırmaq kimi məsələlər nəzərdə tutulub. Bu prosesin icrasında aparıcı qurumlardan biri olan agentlik, ümumilikdə, “Məşğulluqdan məskunlaşmaya” yanaşmasını əsas götürərək məskunlaşma prosesinə paralel şəkildə məşğulluq tədbirlərini həyata keçirir. Bu yanaşma insanlara yalnız mənzillə təmin olunmaq deyil, həm də öz dolanışıqlarını qurmaq imkanı yaradır".

"Azad edilmiş ərazilərdə qurum bir neçə istiqamət üzrə tədbirlər reallaşdırır. Bunlardan birincisi özünüməşğulluq proqramıdır. Bu proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzur sakinləri arasında sahibkarlıq bacarıqlarının inkişafı üçün aktiv proqramlar həyata keçirilir. İştirakçılar mal-material dəstəyi alaraq kiçik təsərrüfatlar, xidmət və istehsal sahələri qururlar. Bu təşəbbüs bölgədə mikrosahibkarlığın formalaşmasına təkan verir. Digər fəaliyyət istiqamətlərinə isə haqqı ödənilən ictimai işlərə və peşə hazırlığına cəlb olunma daxildir ki, bu yollarla əhalinin məşğulluğunun təminatı yönündə ciddi addımlar atılır və bütün bunların nəticəsi kimi yerli sakinlər ayrı-ayrı vakansiyalar üzrə işlə təmin olunurlar", -deyə qurum rəsmisi bildirib.

Hazırda aktiv olan vakansiyaların tam siyahısını təqdim edirik:

- Gözətçi – 550 AZN (Laçın)

- Aparıcı məsləhətçi (Zootexnik) – 480 AZN (Ağalı kəndi)

- Baş məsləhətçi (Aqranom) – 495 AZN (Ağalı kəndi)

- Mühafizəçi (Azərsun) – 590 AZN (Cəbrayıl)

- Uçuşların təhlükəsizliyi üzrə mütəxəssis (AZAL) – 800 AZN (Laçın)

- Topoqraf (Kaspian Teknoloji Saplay) – 2449 AZN (Laçın)

- Sahə rəisi (Azinvest İnşaat) – 1500+ AZN (Kəlbəcər)

- Sahə memarı (Azinvest İnşaat) – 2000+ AZN (Kəlbəcər)

- Baş mühasib (Dost Agropark) – 2841 AZN (Zəngilan)

- Anbardar (Qaya Safety Solutions) – 1126 AZN (Cəbrayıl)

- Nəzarətçi (SMTS MMC) – 650–750 AZN (Ağdam)


- Döşəmə ustası, Üzləyici, Rəngsaz (HN Construction) – 600 AZN (Zəngilan)

- Sürücü (SSAL-2 MMC) – 1000 AZN (Ağalı kəndi)

- Elektrik (SSAL-2 MMC) – 1000 AZN (Ağalı kəndi)

- Mühafizəçi (KRB Projects MMC) – 840 AZN (Cəbrayıl)

- Satınalma üzrə mütəxəssis (Dost Agropark) – 1700 AZN (Zəngilan)

- Tərəzi operatoru – Yük maşınları (Dost Agropark) – 1000 AZN (Zəngilan)

- Ekskavator operatoru (Nort Vest Konstrakşn) – 1584 AZN (Kəlbəcər)

- Əczaçı (Buta Farm) – 400 AZN (Ağalı kəndi)

- Satıcı (Buta Farm) – 400 AZN (Ağalı kəndi)

- Tünel işçisi (Polat Yol Yapı) – 1140 AZN (Laçın)

- Çörəkçi və Şirniyyatçı (Raisa İz çörək evi) – 670 AZN (Laçın)

Qeyd edək ki, iş axtaran şəxslər e-sosial.az portalı üzərindən Məşğulluq Alt Sisteminə daxil olub işsiz və ya iş axtaran kimi qeydiyyatdan keçə bilərlər. CV göndərərkən elektron poçtunuzda “mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adı qeyd edilməli, CV-lər qarabagdais@sosial.gov.az elektron poçt ünvanına göndərilməlidir.

Elvin Bəyməmmədli

“AzPolitika.info”