Qüdrət Həsənquliyev: “Kiçik sahibkarlardan, fiziki şəxslərdən vergilər toplanır, amma iri dövlət müəssisələri vergilərdən yayındırılır. Bu, açıq-aşkar ədalətsizlikdir”.
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna təklif olunan dəyişikliklərin birinci oxunuşda müzakirəsi zamanı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev sərt tənqidlər səsləndirib.
Deputat bildirib ki, təklif olunan dəyişikliklər Konstitusiyaya ziddir və cəmiyyətin ədalət hissini pozur: “Mən hörmətli həmkarım Razi müəllimdən fərqli olaraq bu dəyişikliyi gözəl hesab etmirəm. Əksinə, düşünürəm ki, bu, Konstitusiyamıza ziddir və eyni zamanda cəmiyyətdə ədalət hissinin pozulmasına səbəb olur. Konstitusiyamızın ‘Mülkiyyət hüququ’ adlanan 29-cu maddəsində qeyd olunur ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Əgər Bakı Gəmiqayırma Zavodu özəl müəssisə olsaydı, bu güzəştlər tətbiq olunmazdı”.
Qüdrət Həsənquliyev bildirib ki, 2013-cü ildən fəaliyyət göstərən Bakı Gəmiqayırma Zavodu indiyədək vergilərdən azad olunub. İndi isə bu güzəştlərin daha 6 il müddətinə — həm vergi, həm də gömrük rüsumları üzrə uzadılması planlaşdırılır: “Vergiləri kim ödəməlidir? Pinəçilər, corab satan kiçik sahibkarlar? Büdcənin gəlirlər hissəsi artırılmalıdır ki, sosial xərcləri qarşılamaq mümkün olsun. Halbuki arayışda qeyd olunur ki, Bakı Gəmiqayırma Zavodu Xəzərdə ən böyük sənaye müəssisələrindən biridir, indiyə qədər onlarla yeni gəmi tikib, 170-dən çox gəmini isə təmir edib. Bu, gəlirlə işləyən bir müəssisədir. Niyə biz bu müəssisəni vergidən azad etməliyik?”
Deputat əlavə edib ki, müəssisənin müasir avadanlıqlarla təchiz olunmasına baxmayaraq, guya gəlirlə işləmədiyi görüntüsü yaradılır. Onun fikrincə, əgər bu müəssisə gəlir gətirmirsə, o zaman özəlləşdirilməlidir: “Əgər gəlirlə işləyə bilmirlərsə, niyə özəlləşdirmirik? Özəlləşdirilsəydi, heç bu qədər güzəşt də olmayacaqdı”.
Q.Həsənquliyev həmçinin vurğulayıb ki, vergilərin müəyyənləşdirilməsi Milli Məclisin səlahiyyətinə aiddir. Onun sözlərinə görə, bəzi aksiz dərəcələrinin hökumət tərəfindən müəyyənləşdirilməsi Konstitusiyaya uyğun deyil: “Konstitusiyanın 149-cu maddəsində qeyd olunur ki, normativ hüquqi aktlar haqqa, ədalətə, bərabər münasibətə əsaslanmalıdır. Normativ hüquqi aktlar haqqında Konstitusiya qanununun 64.8-ci maddəsində isə açıq şəkildə göstərilir ki, vəzifəli şəxslər şəxsi mülahizələri əsasında fiziki və hüquqi şəxslərə istisnalar tətbiq edə bilməz”.
Deputat qanun layihəsini “böyük bir ədalətsizlik” adlandırıb: “Kiçik sahibkarlardan, fiziki şəxslərdən vergilər toplanır, amma iri dövlət müəssisələri vergilərdən yayındırılır. Bu, açıq-aşkar ədalətsizlikdir”.
Millət vəkili təklif edib ki, hökumət qarşısında məsələ qaldırılmalı və bütün dövlət müəssisələrinin ödədikləri vergilər ictimaiyyətə açıqlanmalıdır: “Bəlli olacaq ki, böyük dövlət müəssisələri xərclərini şişirdir və çox az miqdarda vergi ödəyirlər. Belə olduğu halda sual yaranır: niyə bu dövlət müəssisələri özəlləşdirməyə çıxarılmır?”
Qüdrət Həsənquliyev çıxışının sonunda qanun layihəsinin əleyhinə səs verəcəyini bildirib.
Rasim Əliyev
AzPolitika.info

Şərhlər
Ölkədə anarxizm hökm sürür.Konstitusiyaı saba alan var? Həsənquliyev hələ aylmayıb?Yoxsa özünü avamlığa vuruSabah stəyəcəklər özlərinə sətf edən maddəni dyişsinlər.Sizləri yığacaqlar.Siz də bir qayda olaraq əl qaıdıracasınız ki.olsun.Eə belə hala görə Azərbaycan bu günə salınıb.
Milli Məclis Konstitusion qaydada mədən sərvətlərini devlətin səlahiyyətinə verib. Bizlərsə, Qarabağ kimi Dərin neft emalı, Neft maşınqayırması, BaakMil, Kimya kombinatı, Kənd təsərrüfatının ixrac sahələrini yox etmişik? Yeni Gəmiqayırma, qaz kəməri isə hələlik peşkəşə çalışırlarmış? ABŞ dünyəvi Texniki-iqtisadi gücünü isə islamın 33% ədalətini üstələyən hər işdən 35%lik gəlir vergisi təminn edir!
Azərbaycanda Konstitusiya hakimiyyətin yadına yalnz dəyişiklik ediləndə yada düşür.pensiya təminatında insanlara (pois vəs)müxtəlif şkala üzrə pensiya təyini isanarın konstitusion üququnu pozmaq deyil?Niyə bu heç kimin yadına düşmür.
Böyük biznes bütün millət bilir ki hakimyətin ətrafındakılara və ətrafındakıların ətrafında olalanlardadır. Onlar da yəqin ki vergi ödəmirlər.