“Müsavat və ALP arasında fikir ayrılığı var”Cəmil Həsənli

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli və Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət arasında görüş keçiriləcək.

Bu barədə "aznews"a ALP-nın sədri Əvəz Temirxan məlumat verib. O bildirib ki, belə bir görüşlə bağlı təklif C.Həsənlidən gəlib:“Dünən bu barədə Cəmil müəllimlə telefonda danışdım. Lalə xanım da məsələdən xəbərdardır”. Ə.Temirxan onu da qeyd edib ki, görüş gələn həftə içərisində baş tutacaq.

“Hesab edirəm ki, Müsavat və Liberal Partiyası arasında ciddi ittihamlar yoxdur. Sadəcə, müəyyən məsələlərdə fikir ayrılığı var və bunlar da yoluna qoyulacaq”. Bunu APA-ya açıqlamasında Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli son günlər Müsavat və Azərbaycan Liberal Partiyası (ALP) arasındakı qarşılıqlı ittihamlara münasibət bildirərkən deyib.

C.Həsənli qeyd edib ki, Milli Şuraya daxil olan təşkilatlar arasında narazılığı aradan qaldırmaq üçün sözügedən təşkilatların rəhbərliyi ilə görüşlər keçirib. Onun sözlərinə görə, yaxın vaxtlarda ALP rəhbərliyi ilə də bu tip görüşlərin keçirilməsi nəzərdə tutulur: “Dünən “EL” Hərəkatının rəhbərliyi ilə, bundan əvvəl Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə görüşümüz olub. Yaxın vaxtlarda isə ALP rəhbərliyi ilə görüşəcəyəm. Bu barədə partiya rəhbərliyini məlumatlandırmışam. Görüşdə seçkiqabağı vəziyyətlə yanaşı, Milli Şuradakı məsələlər barədə də müzakirə aparacağıq”.