Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020–2023-cü illərdə baş verən qanun pozuntuları ilə bağlı aparılan cinayət işində maraqlı faktlar üzə çıxıb.
"AzPolitika"-nın “Qafqazinfo”-ya istinadən verdiyi məlumata görə,hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə olan yeyinti halları ilə əlaqədar sabiq deputat Elton Məmmədov da istintaqa cəlb edilibmiş.
Belə ki, prokurorluq tərəfindən onun barəsində cinayət təqibi aparılır. E. Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Ramiz Mehdiyev AMEA-ya prezident təyin olunduqdan sonra sadiq adamı kimi onu “Yüksək Texnologiyalar Parkı”nın direktoru vəzifəsinə gətirmişdi. Sonradan isə E.Məmmədov Akademiyanın İşlər İdarəsinin müdiri vəzifəsində çalışıb.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, Elton Məmmədov işlədiyi dövr ərzində 3 milyon manata yaxın pul mənimsəyib. Maliyyə pozuntularını təsdiq edən sənədlər və digər sübutlar iş materiallarına əlavə edilib. Keçmiş məmur müxtəlif epizodlar üzrə dəfələrlə prokurorluqda ifadə verib.
Amma sabiq deputat istintaq zamanı dövlətə dəymiş ziyanı ödəməyə razılaşıb. O, mənimsədiyi milyonlarla vəsaiti büdcəyə geri qaytarıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Elton Məmmədovun araşdırması davam edən digər epizodlarda da adının keçə biləcəyi istisna edilmir.
Qeyd edək ki, bu yaxınlarda baş prokuror Kamran Əliyev jurnalistlərin mövzu ilə bağlı suallarını cavablandırıb. Baş prokuror deyib ki, AMEA-da qeydə alınmış qanun pozuntuları üzrə hərtərəfli araşdırma aparılıb. Bəzi epizodlar üzrə ibtidai istintaq tamamlanaraq məhkəməyə göndərilib, qalan epizodlar üzrə isə istintaq davam etdirilir.

Şərhlər
Maraqlıdır, ortada 3 milyon rəsmi mənimsəmə faktı olduğu halda adamı həbs etmirlər. Deyirlər ki, qələt eləmişəm de və pulu qaytar cinayətini xətm edək.Millətin balasının isə bir toyuqdan ötrü bütün ömrünü çürüdürlər.Adamı işsizlik, pulsuzluq, ümidsizlik yox, ədalətsizlik yandırıb-yaxır. Xüsusən də bu gözlər önündə ediləndə.
MİLYADLAR MİLYARDLAR BİR DƏ MİLYARDLAR
Hər bir ləyaqətli, şərəfli, normal bir insan öz yurduna, elinə, obasına bağlı olur və imkanı yarananda ən azı onların problemlərini həll etməkdə yardımçı olmağa çalışır ki bu da təqdirə layiqdir və anlaşılandır. Amma bu Məmmədovlar başda Elton, Mənsur və elə hamısı tam tərsinə Ucara dağ çəkiblər. İnanmırsınız Məmmədovlara qohum olmayanlardan soruşun .. Bunlar bir bəla idi keçmişdilər Ucarın boğazına