Azərbaycandakı “rusbaşlar” hələ də anlamır, yaxud anlamaq istəmirlər ki, Rusiyanın nəinki hakim elitası, yaxud kommunist, aşırı şovinist, millətçi “müxalifəti”, hətta “liberalları”, “demokratları” da imperiya maraqlarına xidmət edir və onlar üçün Azərbaycan, azərbaycanlılar heç vaxt Ermənistan və ermənilərdən daha yaxın, daha “doğma” olmayacaq.
Rusiyanın millətçi-şovinisti kimi, ən qatı “liberalı”nın, “demokratı”nın da, din və mentalitet fərqinə qədər müxtəlif məlum səbəblərdən Azərbaycanı görməyə gözü yoxdur, olmayıb və olmayacaq da. Ona görə, də bu gün Rusiya siyasi, ictimai, media və s. meydanının istənilən tanınmış təmsilçisi az qala Ermənistandakı xəstə revanşist millətçi qüvvələrdən daha çox Azərbaycana qarşı revanş arzusu ilə alışınıb yanır. Bunu “Exo Moskvı” radiosunun keçmiş baş redaktoru Aleksey Venediktovun İrəvana son səfərində səsləndirdiyi fikirlər də bir daha təsdiq edir…

Uzun illərdir özünü müstəqil media kapitanı, hətta hakimiyyətə müxalif biri kimi göstərsə də (rəsmən “inagent” elan olunub), çoxdan Kreml təbliğatının vintciyinə çevrilmiş Venediktov İrəvanda Ermənistan parlamentinin spikeri Alen Simonyan başda olmaqla, bir çox şəxslərlə görüşəndən sonra üst-üstə Ermənistan nəşrlərinə və kanallarına beş müsahibə verib. Hamısında da eyni tezisləri təkrarlayıb və xüsusi olaraq vurğulayıb ki, “Əgər Qarbağ müharibəsinin bitdiyini hesab edirsinizsə, səhv edirsiniz, çünki müharibə beyinlərdə qalır!”.

Təbii ki, bununla demək istəyib ki, Rusiya bu “beyinlərdən” imkan düşən kimi, mütləq istifadə edəcək. Onun dediyinə görə, Ruben Vardanyan və Azərbaycanda həbsdə olan digər erməni terrorçular və separatçı liderlərinin, Qarabağdan gedən “120 min “qaçqının” məsələsi” qalır. Venediktov onu da deməyi unutmayıb ki, “Moskva hər zaman erməniləri (Azərbaycanlılara nisbətən-red.) özünə daha yaxın hesab edib”.
Nəhayət, Venediktov ermənilərə israrla təkrarlayıb ki, nə 2020-ci, nə də 2023-cü ildə Rusiyanın Azərbaycanı dayandırmaq üçün resursları çatışmırdı. Çünki Rusiya hələ 2020-ci ildə Ukraynaya hücum etməyi planlaşdırırdı, yalnız o vaxt COVİD epidemiyası səbəbindən bunu təxirə salmalı olmuşdu. Resurslarını Ukraynaya qarşı savaşa kökləmişdi, bunun üçünsə, cənubunu təhlükəsiz vəziyyətə gətirməli – NATO ölkəsi olan Türkiyə ilə münasibətlərini mümkün qədər yüksək səviyyədə saxlamalı, yaxşılaşdırmalı, yaxınlaşdırmalı idi. Guya buna görə də, Azərbaycana qarşı nəsə edə, Ermənistana resurs ayıra, rəsmi Bakıya lazımınca siyasi və hərbi təzyiq göstərə bilmədi (Hansı ki, Kreml əlinə fürsət düşən kimi, öz qoşunlarını Qarabağa “sülhməramlı” adı altında yeritmişdi).

Venediktov İrəvanda bütün bunları deməklə yanaşı, erməniləri innadırmağa çalışıb ki, Qarabağ məsələsi bağlanmayıb; Moskva bunu unutmayıb. Ukraynada resurslar azad edildikdən sonra ruslar mütləq bu məsələyə qayıdacaqlar. O, hətta hazırkı Ermənistan hökumətinin sülhə sadiqliyinə açıq şəkildə şübhə ilə yanaşıb və ermənilərə dolayısı ilə çatdırıb ki, “Qarabağı geri alacağıq, Rusiya kömək edəcək, problem Paşinyandadır və sair”.
Yəni, adam açıq-aşkar, Kremlin sifarişi ilə Ermənsitanda “xüsusi informasiya əməliyyatı” keçirir, zallara bəlkə də minlərlə adam toplayır, erməni mediasına 2 günə 5 müsahibə verir, erməniləri revanşa, Rusiyanın dəstəyinə ümidləndirir. Və bütün bunlar da Venediktovu ən yüksək səviyyədə qarşılayan Paşinyan hakimiyyətinin gözü qarşısında, az qala onun xeyir-duası ilə baş verir…

Bunlar təkcə yuxarıda qeyd etdiyimiz “rusbaşlar”ın görüb nəticə çıxarmalı məsələlər deyil, həm də Azərbaycana xəbərdarlıqdır. Bəli, Rusiya Ukrayna bataqlığılndan çıxandan, “başı açılandan” sonra mütləq digər keçmiş Sovet Respublikaları, o cümlədən bizim regionla da “məşğul olacaq”. Bunun üçün ilk növbədə Ermənistanda hakimiyyət dəyişikliyinə, “küçədən gələn” Paşinyanı devirməyə, öz qulbeçələri – Koçaryan-Sarqsyan cütlüyünü və onlara yaxın olanları hakimiyyətə gətirməyə, yenə İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətlərini gərginləşdirməyə, ondan bizə qarşı maşa kimi istifadə etməyə çalışacaq. Buna kimsənin şübhəsi olmasın və təəssüf ki, Rusiya indiki imperiya ölçüləri və ambisiyalarında qaldıqca bu cür də davam edəcək…
Cəlal Məmmədli
“AzPolitika.info”
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanmışdır.


Şərhlər
Biz son 200 illik tariximizden dərs almalıyıq .Tariximiz düzgün tədris olunmalıdır.Yeni nəsil unutqan olmamalıdır.Bir dəfəlik bilməliyik ki rusiyanın iqtidarlı və ya müxalifətli bütün mediya resursları bizm qələbəmizi həzm edə bilmir.Baxın bütün kanallar eyni ruhda tərbiyə alıblar .Onların narazılıqları ancaq Paşinyandır. Prezident Əliyevin dəmir yolunun açılması qərarı həm də bir siyasi qərar olmaqla çox dogru oldu.Mən düşünürəm ki Rmənistan -Türkiye sərhədləri açıldıqdan sonra erməni əhalisi daha çox asılı olacaq.Biz isə iqtisadi baxımdan daha güçlü olmalı Avropaya daha çox inteqrasiya olmalıyıq
Venediktov deyennen sonra basa dusdunuz.dovlet hesabina rus dilinde tedris ne qeder rusbaslar yetisdirecek hele bunun qarsisini almaq lazimdi
NƏ QƏDƏR Kİ,ƏLİYEV PREZİDENTDİR BUNA HEC putində CÜRƏT EDƏ BİLMƏZ AMMA SONRASİ MƏNİM ÜÇÜN QARANLİQDİR!
Birinci növbədə bilin və agah olun ki kimləsə, hansısa ölkə ilə bağlanan “Strateji əməkdaşlıq” filan hamısı boş şeydir. Müharibə zamanı strateq ölkələr bəhanələr ortaya çıxarır, boyun qaçırır. NATO-da başverdiyi kimi. Rusiya mütləq və mütləq Azərbaycan torpağında Ukraynanı aldıqdan sonra əsasən Qarabağda 3-cü müharibəni başladacaq. Bu zaman artıq başqaları tərəfindən verbovka olunmuş Paşinyan yox əvəzində Rusiyanın rezerv saxladığı öz adamları hakimiyyətdə olacaq. 3-cü müharibə ilə Ermənistana Qarabağ torpaqları yenidən vəd ediləcək. Trump və Putin birgə bütün dünyaya oyun oynayır. Bu oyundan hər ikisi qazanır. Trumpla bağlı Rusiyanın əlində çox güclü kompramatlar var. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarındakı komsomolçular (gizli agentlər) və onların övladları dərhal təmizlənməlidir. Vətənpərvər və ədalət mühakiməsi yüksək olan milli kadrlara üstünlük verilməlidir. Tayfabazlığa şirkətbazlığa yerlibazlığa son qoyulmalıdır. Milli texnokratlar yetişdirilməlidir bunun üçün 3 il müddət var. Siyasi iqtisadi və mədəni elitanın toxuması milli, həmahəng və inklusiv olmalıdır. Səhiyyə təhsil kənd təsərrüfatı və hərbi sahələrdə davamlı inkişaf təmin edilməli başlıca strateji sahələr olaraq seçilməlidir. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında lazımsız müşavir və müavin vəzifələri ləğv edilməlidir. Azərbaycan xarici siyasəti gənc və təcrübəsiz neoconların təkidi ilə riskli manevrə daxil olub. Sərt, təsələsik və qəti siyasi yerişlər əvəzinə yavaş, yumşaq və asta siyasi manevr mənimsənilməliydi. Bütün dövlət təşkilatlarında köhnəlmiş strukturlar yenilənməli və bu günün tələblərinə uyğun yeni adda təsirli səmərəli bölmələr strukturlar yaradılmalıdır. Birşeyi unutmamaq lazımdır ki su yatar düşmən yatmaz! Yaşasın Azərbaycan!
Men inanmlram Ermenustan bir de cüret edib Qarabağ mesekesine qayltslb.Əvvəla Azerbaycan tek deyil,2-ci de dünya gücleri Rysiyanın çöküçüne start verib. ve ruslar onlarla gansı oyun oynanıkdıınl derk ede bilmirler ABŞ ne ö maraqkarından ne de Ukraynanı Rusiyata teslim etmez.
Yazırsız ki, Rusiya ... üçün “Azərbaycan, azərbaycanlılar heç vaxt Ermənistan və ermənilərdən daha yaxın, daha “doğma” olmayacaq”. Niyə tək Rusiya üçün?! İncilə (Tövrat,Bibliya) baxan hər kəs orada dəfələrlə “Ararat” sözünə rast gələcək. Nə Ər-Arvad, nə Ağrıdağ... Burada bu ad məhz Ermənistanın (təbii ki, bu günün Ermənistanı yox), yaxud Urartunun sinonimi kimi işlənir. Bibliyanı isə uşaqlıqdan kimlər oxuyur? Xristyan dünyagörüşü daşıyıcıları olan (və tək onlar yox) ölkələrin (tək onlarda yox) vətəndaşları.Həmin ingilis, amerikan, alman və s. Tək rus yox. Təbii ki, ermənistan, ermənilər onlara daha “doğmadır”. Birdə ermənilərin hər-hansı yeni mühitə, icmaya, dövlətə qaynayşıb-qarışması bizimkindən dəfələrlə artıqdır (bu onların tarixindən gəlir). Deməli, dost, tanış, tərəfdaşlar tapmaq onlarda daha üstündür.
Düzdür, həmin rus, amerika, ingilis siyasəti, siyası maraqları belə amilləri ikinci dərəcəli saya bilər. Ancaq siyasət siyalıların aləmidir, adi insanlar adətən başqa meyarlarla yanaşır. Onların içində “ədalət” də var ki, məhz buna görə həmin cəmiyyətlərin biq qismi bizim tərəfimizdədir. O cümlədən, ruslarında.
Bəli, çox doğru, Rusiyanın başı hələki Ukraynaya qarışıb, qutaran kimi bizi "zəhərləməyə" çalışacaq. Rusiya 2-3 yüz il bundan əvvəl erməniləri bizim torpağlara köçürməklə bizim Xalqa, Millətə, Dövlətçiliyimizə qarşı, tarixi bir problem yaradıb. Fikir verin bu, "demakrat" jurnalisti Ermənistan necə qarşılayıb, parlament sədri, baş nazir və s... Ancaq özümüzdə də saysız-hesabsız ruspərəstlər, rusbaşlar çoxdur. Ramiz Mehdiyevə jurnalist sual verir ki, Qarabağı aldığ nə deyərsiz, cavab verir ki, mən bu suala cavab vermirəm???... və yaxud 1-2 gün qabağ Qazaxıstanda bizim Samirə adında münsüf üzvü Ermənistan oxuyanına 12 bal verərək, üstəlik ona sarmaşıb öpüşdü...???... necə başa düşək...???...Bizim qızın, onların oğlanını sarmaşarağ öpməsini...???...onlar isə bizə cəmi 2 bal verdi, bax budur, onların mövqeyi, yaltağlanmırlar, hələ dillənəndə də deyirlər, "hələ müharibə qutarmıyıb"... Bir sözlə tariximizə, düşmənimizə unutqan, səhlənkar, biganə millətik ki, düşmən də bunu yaxşı bilir və fürsət düşdükcə istifadə edir...