Fransa Prezidenti Emmanuel Makron Rusiya ilə Ukrayna arasında sülh sazişi imzalandıqdan sonra Ukrayna ərazisində sülh qüvvələrinin yerləşdirilməsinin planlaşdırıldığını bildirib.
Onun sözlərinə görə, bu qüvvələr döyüş xəttindən uzaq bölgələrdə — Kiyev, Odessa kimi şəhərlərdə yerləşdirilə bilər. Qrupların tərkibinə Böyük Britaniya, Fransa və Türkiyədən olan hərbi qulluqçular daxil olacaq. Onların əsas vəzifəsi Ukrayna ordusunu hazırlamaq və təhlükəsizlik təminatı vermək olacaq. Bu model NATO-nun Şərq qanadındakı ölkələrə göstərdiyi dəstək mexanizminə bənzəyəcək.
Makron qeyd edib ki, bu təşəbbüs NATO çərçivəsində deyil, hökumətlərarası koalisiya formatında həyata keçiriləcək. Onun sözlərinə görə, təxminən 20 ölkə quruda, dənizdə və ya havada bu missiyaya töhfə verməyə hazırdır. Prezident həmçinin vurğulayıb ki, Ukrayna ordusunun özünü müdafiə və hər hansı təcavüzü önləmə imkanlarının məhdudlaşdırılacağı bir sülhün davamlı olması mümkün deyil.
"AzPolitika.info"


Şərhlər