Milli Şuranın sədri Cəmil Həsənli Ramiz Mehdiyevin cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilib.

Cəmil Həsənli ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, C. Həsənli dindirilmək üçün DTX-yə çağırılmışdı. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə şahid qismində cəlb edilib.

***

Milli Şuranın sədri Cəmil Həsənli dindirilmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb.

O, Prezident Aadministrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə şahid qismində cəlb edilib.

Cəmil Həsənlinin ölkədən çıxışına da qadağa qoyulub. 

"AzPolitika” xəbər verir ki, bu, barədə özü “facebook” səhifəsində yazıb. Bildirib ki,  o, bu gün "qızının ailəvi tədbiri ilə bağlı" həyat yoldaşı ilə Dubaya getmək istəyirmiş. Lakin aeroportda ona ölkədən çıxış məhdudiyyəti tətbiq edildiyini öyrənib.

Bəzi media orqanları Həsənlinin həyat yoldaşı ilə birgə Azərbaycandan qaçmaq istədiyini bildirir. 

Qeyd edək ki, Cəmil Həsənlinin həyat yoldaşı ölkəni tərk edib.

Xatırladaq ki, dünən Milli Şuranın üzvü, AXCP sədri Əli Kərimli və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evində axtarış aparılıb, daha sonra onlar DTX-da dindirilirlər.

Məlumata görə, proses Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli isə Türkiyədə saxlanılıb. Onun Azərbaycana deportasiya ediləcəyi gözlənilir.

Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.