Son günlər Rusiya siyasi və media dairələrində Azərbaycan və Ermənistanla bağlı yeni çirkin kampaniyanın başlandığının əlamətləri görünməyə başlayıb. Əvvəlcə “Exo Moskvı” radiosunun keçmiş baş redaktoru, Kremlin maskalanmış təbliğatçısı Aleksey Venediktov Ermənistana səfəri zamanı Rusiyanın Ukrayna müharibəsini bitirəndən sonra Cənubi Qafqazla “məşğul olacağına” dair açıqlamalar verdi.

İndi isə Azərbaycana qarşı düşmənçilik mövqeyilə tanınan rus politoloq, Rusiya Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrov Azərbaycanı təhdid edən və yenə Venediktov kimi, Rusiyanın Ukraynadan sonra Cənubi Qafqaza qayıdacağına dair fikirlər səsləndirib.

“AzPolitika” xəbər verir ki, “Rusarminfo”-ya açıqlamasında Aleksandrov Rusiyanın guya 2010-cu illərin ortalarından başlayaraq, Azərbaycan və Ermənistanla eyni məsafə saxlamağa başladığını iddia edib.

Onun dediyinə görə, bu “səhv siyasət” nəticəsində Kreml üçün nə Azərbaycanı əsl müttəfiq etmək alınmayıb, nə də Ermənistanla əvvəlki yaxın müttəfiqliyi saxlamaq mümkün olmayıb. Nəticədə Rusiya Cənubi Qafqazdakı nüfuzunu itirib: “Rusiya mövqelərini itirib. Rusiyanın Cənubi Qafqazdakı dayağı olacaq “dağlıq Qarabağ” Azərbaycana təhvil verildi. Bu, Rusiyanın maraqlarının əleyhinə oldu. Bunu düzəltmək lazımdır. Ukraynada müharibə bitəndən sonra buna daha predmetli şəkildə qayıdılacaq”.

Aleksandrov həyasızcasına Rusiyanın regionda sabitliyin və sülhün bərqərar olunmasında maraqlı olmadığını etiraf edib. Onun dediyinə görə, Azərbaycan və Ermənistan rəhbərliyi sülh prosesində mümkün qədər irəli gedərək, Rusiyanın regiona soxulmasının qarşısını almağa çalışır: “Buna görə də Paşinyan və Əliyev mümkün qədər irəli gedərək, Azərbaycanın regionda üstünlüyünü gücləndirməyə çalışırlar ki, sonra bu üstünlüyü aradan qaldırmaq çətin olsun”.

Qeyd edək ki, bundan öncə İrəvana səfəri zamanı Ermənistan nəşrlərinə və kanallarına beş müsahibə verən Aleksey Venediktov da eyni tezisləri təkrarlayıb. O, deyib ki, “Əgər Qarbağ müharibəsinin bitdiyini hesab edirsinizsə, səhv edirsiniz, çünki müharibə beyinlərdə qalır!”. Venediktov Qarabağın işğaldan azad edilməsinə görə açıq təəssüfünü gizlətməyərək, bunu onunla izah edib ki, Rusiyanın başı Ukraynaya qarışdığı və Türkiyə ilə münasibətləri korlamamaq üçün ruslara “daha yaxın olan ermənilərə” lazımınca kömək edə bilmədi. Lakin buna baxmayaraq, Venediktov eyham vurub ki, Rusiya Ukrayna savaşını bitirən kimi, mütləq Cənubi Qafqaza qayıdacaq. Bununla da Ermənistandakı revanşist və rusiyapərəst qüvvələrə “ürək-dirək verən” Venediktovun Kremlin sifarişini yerinə yetirdiyi heç kimə sirr deyil.

Onun ardınca Aleksandrov kimi daha bir imperiyaçı və simasız məxluqun ortaya atılması göstərir ki, tezislər eyni mərkəzdən gəlir və Kremlin Cənubi Qafqazda aranı qarışdırmağa yönələn planı aktivləşdirilir.

C.Məmmədli

“AzPolitika.info”