Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) növbəti iclası keçirilib.
Partiyadan "AzPolitika"ya verilən məlumata görə, MNTK üzvləri “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda Milli Məclisdə keçirilmiş konfrans zamanı VHP-dən olan millət vəkili Rafael Hüseynovun partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsib, onun fikrini tamamlamasına imkan yaratmaması ilə bağlı rayon təşkilatlarından və partiya fəallarından daxil olan müraciətlər müzakirə edib. MNTK sədri Zeynal Fətulla qeyd edib ki, daxil olan müraciətlərdə VHP üzvü olan deputatın iclasda aparıcılığından sui-istifadə edərək partiya sədrinə qarşı bu cür davranışının nə etik, nə də siyasi baxımdan yolverilməz olduğu bildirilir və Rafael Hüseynov haqqında tədbir görülməsi tələb edilir.
Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri məsələ ətrafında çıxış edərək bildiriblər ki, VHP sədri Sabir Rüstəmxanlının Azərbaycan cəmiyyətində yüksək ictimai-siyasi, ziyalı mövqeyi nəzərə alınmadan atılan bu addım həm partiyanın nüfuzuna, həm də ümumilikdə siyasi mədəniyyətə xələl gətirir. Milli Məclisin Terminologiya Komitəsinin üzvü, Azərbaycan Dil Qurumunun Başqanı, partiya sədri və Xalq şairi olmaqdan əlavə bütün ömrünü dilimizin qorunmasına sərf etmiş Sabir Rüstəmxanlıya qarşı bu hörmətsizlik partiyanın parlamentdəki təmsilçisi olan Rafael Hüseynovun ciddi səhvidir. MNTK partiya Nizamnaməsinin 9.2-ci maddəsinə əsasən Ali Məclisin üzvü Rafael Hüseynova töhmət elan edilməsi barədə qərar qəbul edib.
Bu gün həmçinin Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının növbəti iclası keçirilib. Siyasi Şura üzvləri məsələ ətrafında çıxış edərək bildiriblər ki, VHP sədri Sabir Rüstəmxanlının Azərbaycan cəmiyyətində yüksək ictimai-siyasi, ziyalı mövqeyi, nəzərə alınmadan atılan bu addım həm partiyanın nüfuzuna, həm də ümumilikdə siyasi mədəniyyətə xələl gətirir. Partiya sədri Sabir Rüstəmxanlının bu məsələ ilə bağlı mövqeyi və R.Hüseynovun mətbuata açıqlamasında partiya sədrinə qarşı münasibətini bildirməsi nəzərə alınıb. Siyasi Şura məsələnin Mərkəzi Nəzarət Təftiş Komissiyasında müzakirə olunaraq partiyadaxilində həllini tapdığını və uzun illər Azərbaycan siyasi sistemində monolitliyi ilə seçilən Vətəndaş Həmrəyliyi Partiyasının adının qalmaqalda hallanmasının yolverilməzliyini nəzərə alaraq bu məsələni qapanmış hesab edir. Eyni zamanda VHP-dən olan millət vəkili Rafael Hüseynova bundan sonra bu kimi məqamlarda partiya mənsubiyyətini diqqətə alması və bir daha belə hallara yol verilməməsi tapşırılıb.
"AzPolitika"

Şərhlər
Adam bu ağır cəzaya necə dözəcək. Bircə qəlb krizi keçirməsin , kaş