Türkiyədən 5 illik deportasiyasına qərar verilən keçmiş millət vəkili Gültəkin Hacıbəylinin geri göndərmə məntəqəsində saxlanılması qanuni hesab edilib.

"AzPolitika" xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabından məlumat paylaşıb.

G.Hacıbəylinin sözlərinə görə, Sülh Cəza Məhkəməsində onun Çatalca Geri Göndərmə Mərkəzində saxlanılması ilə bağlı şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, Avropa İnsan Hüquqları Məhkəməsi də  Gültəkin Hacıbəylinin Azərbaycana deportasiya olunmasının dayandırılmasına dair ərizəsini rədd edib.

Bu haqda  "Gununsesi.info" məlumat verib. Bildirilir ki, sabiq millət vəkilinin Türkiyədəki vəkili Məhkəmə Qaydalarının 39-cu maddəsinə istinad edərək təcili tədbir kimi Gültəkin Hacıbəylinin Azərbaycana deportasiya edilməsinin dayandırılmasını xahiş edib.

Lakin məhkəmə bu xahişi rədd edib.

Bu isə o deməkdir ki, Gültəkin Hacıbəyli Azərbaycana göndəriləcək.

Xatırladaq ki, Gültəkin Hacıbəyli dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə bağlı Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) istintaqa çağırılıb. Amma o, Türkiyədən ölkəyə qayıtmaq istəmədiyi üçün orada saxlanılıb. İki gün əvvəl onun 5 il müddətinə Türkiyədən deportasiya edilməsi ilə bağlı qərar qəbul edilib.

"AzPolitika.info"