Menu

“Ukrayna, Rusiya və Çinlə bağlı məsələlər prioritetdir” - Respublikaçı məşhur senator Trampa çağırış etdi

25.12.2025, 13:20
“Ukrayna, Rusiya və Çinlə bağlı məsələlər prioritetdir” -  Respublikaçı məşhur senator Trampa çağırış etdi

ABŞ Prezidenti Donald Tramp Ukrayna, Rusiya və Çinlə bağlı məsələlər üzərində yenidən aktiv işləməyə qayıtdığını bildirib. Onun sözlərinə görə, bu mövzular prioritet xarakter daşıyır. 

“AzPolitika” bildirir ki, Tramp bu açıqlama ilə Ağ Evdə keçirilən Milad tədbiri zamanı çıxış edib.

Amerika mətbuatının məlumatına görə, dekabrın 24-də prezidentin günlük qrafiki dərc olunub. Bildirilib ki, Tramp səhər saatlarını qolf oynamaqla, axşam saatlarını isə uşaqlarla telefon danışığı aparmaqla keçirib. Söhbət zamanı Santa Klausun dünya üzrə səyahəti müzakirə olunub.

ABŞ Prezidenti bildirib ki, uşaqlarla danışığı daha uzun davam etdirmək istərdi, lakin dövlət işləri onu daha ciddi mövzulara qayıtmağa vadar edir.

“Bütün günü bu cür danışmaq olardı. Amma biz Çinə, Rusiyaya, Ukraynaya qayıtmalıyıq. Digər məsələlərə dönməliyik, baxmayaraq ki, bununla bütün günü məşğul olmaq olardı”, – deyə Tramp vurğulayıb.

Tramp Ukraynadakı müharibə ilə bağlı sülh planının müzakirəsini də dəyərləndirib. Onun sözlərinə görə, Rusiya və Ukrayna arasında danışıqlar davam edir və proses “normal” gedir.

“Biz danışırıq, danışıqlar yaxşı gedir. Bilirsiniz ki, mən səkkiz müharibəni bitirmişəm. Amma hesab edirəm ki, Rusiya və Ukrayna məsələsi hələ tam həll olunmayıb”, – deyə ABŞ Prezidenti qeyd edib.

Bu fonda respublikaçı senator Lindsi Qrem Tramp administrasiyasını Rusiyaya qarşı daha sərt addımlar atmağa çağırıb. Qrem Rusiya nefti daşıyan gəmilərin ələ keçirilməsini, həmçinin “Tomahawk” raketlərinin Ukraynaya verilməsini təklif edib.

Senator bildirib ki, Trampın Rusiya neftinin alınmasına tariflərin tətbiqini və Rusiyanın ukraynalı uşaqların qaçırılmasına görə terrorizmi dəstəkləyən dövlət kimi tanınmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyəcəyini gözləyir.

“Əgər o (Putin – red.) bu dəfə də ‘yox’ desə, ümid edirəm ki, Prezident Tramp mənim 85 həmmüəllifi olan qanun layihəmi imzalayacaq və Çin kimi ucuz Rusiya nefti alan ölkələrə qarşı tariflər tətbiq edəcək”, – deyə Lindsi Qrem vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol