Bu gün- dekabrın 27-də Müsavat Partiyasının Məclisinin iclası keçrilib. Musavat.com-un məlumatına görə, bu iclasda Müsavatın Məclis sədrliyinə, Məclis üzvlüyünə, Divana seçkilər olub.

Çıxış edən Müsavat başqanı Arif Hacılı bildirib ki, qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il gəlir. “Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi Azərbaycan xalq hərəkatı ilə bağlıdır. Bu günün dünya azərbaycanlılarının həmrəylik günü olması bilavasitə bizimlə bağlıdır. Bu fikir Əbülfəz Elçibəyə məxsusdur. Biz də Milli Şuranın üzvü kimi buna səs vermişik”,- deyə o, qeyd edib. Həmçinin təqvim ilinin başa çatdığını xatırladan A.Hacılı bu ilin Müsavat Partiyasının tarixində də önəmli yer tutduğunu vurğulayıb. Bundan sonra iclas Müsavatın himninin oxunması ilə açıq elan edilib.

Qeyd edək ki, artıq Məclis sədrliyi vəzifəsinə, eləcə də Məclisin, Divanın və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) boş qalan yerlərinə namizədliyin irəli sürülməsi müddəti başa çatıb. Sərbəst Məclis üzvlüyünə 32 nəfərin, Məclis sədrliyinə 1 nəfərin, Divana 5 nəfərin, MNTK-ya 4 nəfərin, Məclis katibliyinə isə 1 nəfərin namizədliyi qeydə alınıb.

Müsavat Məclisinin sədrliyinə namizədliyini irəli sürmüş Bakı Dövlət Universitetinin dosenti Sabir Məmmədli “seçki prosesində ictimai-siyasi prinsiplərin pozulması”nı səbəb göstərərək namizədliyini geri götürüb. Bunun nəticəsində sədrliyə digər namizəd- Nüşabə Sadıqlı alternativsiz qalıb.

İlk olaraq partiyanın Cəlilabad, Nəsimi, Binəqədi, Balakən təşkilatları sədrləri təsdiqlənib.

Həmçinin Tovuz və Zəngilan rayon təşkilatlarının buraxıldığı açıqlanıb. A.Hacılı bildirib ki, Tovuz rayonunda partiyanın seçkili orqanları buraxılıb. Təşkilatı bərpa etmək üçün təşkilat komitəsinin yaradılması və təşkilatın işinin tezliklə bərpa olunması qərara alınıb. A.Hacılı qeyd edib ki, təşkilatın bərpası istiqamətində konkret işlər görülməlidir. Zəngilan rayon təşkilatında da vəziyyətin yaxşı olmadığı, təşkilatın fəaliyyətsizliyi vurğulanıb. Bu səbəbdən təşkilatı buraxıb yenidən yaratmaq təklif edilib. Ellada Məmmədli isə bildirib ki, Zəngilan təşkilatında ancaq sədr istefa verib, seçkili orqanlarla işləmək və sədr seçkisi keçirmək olar. A.Hacılı isə qeyd edib ki, həmin təşkilatın ancaq sədrinin fəaliyyəti nəzərə çarpırdı, təşkilat fəaliyyətsiz idi.

A.Hacılı həmçinin vurğulayıb ki, Məclis üzvü Vurğun Əyyub Məclisin işində iştirak etmir və səbəb kimi qurumun legitim olmadığını bildirib. O, bu səbəbdən V.Əyyubun Məclis üzvlüyü siyahısından çıxarılmasını təklif edib. Əksəriyyət yerdən onun fikrini dəstəkləyib. Məclis üzvü Yusif Mehdiyev isə bildirib ki, əvvəlcə reqlamenti təsdiqləmək də neçə iclasda iştirak etməyən şəxsin məsələsinin müzakirəyə çıxarılmasını aydınlaşdırmaq lazımdır: “Bu, təsdiq edilməyib, ona görə Vurğun Əyyubla bağlı məsələni müzakirə etmək tezdir”.

Sabir Məmmədli buna etiraz edib və bir qədər diqqətli olmağı məsləhət görüb: “Tələsməyək, tələsdiyimiz üçün zal boşalır”.

Nemət Kərimli isə qeyd edib ki, V.Əyyub sosial şəbəkədə Məclis üzvü olmadığını dəfələrlə bildirib, bu, rəsmi fikir sayılmalı və onu Məclis üzvlüyündən çıxarmaq lazımdır.

Azər İsmayil isə onun iclasdan bir gün əvvəl Razim Əmiraslanlı ilə telefon söhbətində özünü Məclis üzvü hesab etmədiyini deyib: “Bu, rəsmi danışıqdır və ona görə siyahıdan çıxarılmalıdır”.

Ellada Məmmədli isə deyib ki, Nizamnamə ortaya qoyulmalıdır: “Ayrı vaxt Nizamnamə ortaya qoyulur, indi yoxdur”.

Arifə Mikayılova da etiraz edib: “Biz onu sosial şəbəkədə dediyi fikirlərə görə Məclis üzvlüyündən çıxarsaq, bu, o deməkdir ki, onunla razılaşırıq ki, o Məclis doğrudan səlahiyyətsizdir. Buna görə etmək olmaz”.

Arif Hacılı isə qeyd edib ki, Təşkilat Komitəsinin sədri V.Əyyuba rəsmi şəkildə Məclisdə iştirakın vacib olduğunu bildirib və rəsmi də cavab alıb: “Vurğun Əyyub Məclis üzvü olmadığını bir daha bildirib. Amma həmrəylik günü olduğunu və bir neçə də bu fikirlə bağlı narazı şəxsin olduğunu nəzərə alıb bunu səsə qoymuram. Hərçənd, səsə qoyulsa, keçəcək. Amma gərək həmin etiraz edənlər Vurğun Əyyubun gələn Məclisdə iştirakını təmin etsin”.

Daha sonra Divanın və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) boş qalan yerlərinə namizədliyi irəli sürülən şəxslər təqdim edilib. Həmçinin Məclis üzvlüyünə, Divana, Məclis sədrliyinə namizədlər Məclis üzvlərinə təqdim edilib. Onlar ayrı-ayrılıqda fikirlərini açıqlayıblar, seçiləcəkləri halda Müsavat üçün görəcəkləri işlərdən danışıblar və səs istəyiblər.

A.Hacılı isə qurultaydan sonra Müsavat Partiyasından üç nəfərin çıxarıldığını, 24 nəfərin isə özünün istefa verdiyini bildirib: “Müsavat sıralarına daxil olanlar isə yüzə qədərdir”.

Düşüncə Mərkəzinin sədri İsa Qəmbər də Məclisdə çıxış edib. O, bildirib ki, 2014-cü ildə əvvəlcədən proqnozlaşdırıldığı kimi çox çətin bir il olub. Rusiyanın Ukraynaya qarşı apardığı hərbi əməliyyatlardan, Krımın işğalından, soyuq savaşdan danışan İ.Qəmbər, Yaxın Şərqdən və İŞİD problemindən də söz açıb. O, neftin dünya bazarındakı qiymətindən və bunun siyasi mühitə təsirindən də danışıb.

Azərbaycanda insan haqları sahəsində çoxsaylı problemlərin olduğunu vurğulayan İ.Qəmbər il ərzində baş verən səs-küylü həbslərdən, siyasi məhbus siyahısının artmasından da danışıb. “Bu il İlham Əliyev insan haqlarının pozulması baxımından həmişəkindən daha artıq fəallıq göstərib. Son olaraq “Azadlıq” radiosunun Bakı bürosunun möhürlənməsi Əliyev rejiminin azadlıqlara qarşı nə dərəcədə qəddar olmağa hazır olmasının göstəricisidir. Bütövlükdə hər bir Azərbayan vətəndaşının həyatı təhlükədədir”.

İ.Qəmbər ilsonu idmançının həbsxanada ağır işgənə ilə öldürülməsi faktını da vurğulayıb və deyib ki, bu rejim davam etdikcə, təkcə aktiv siyasi fəaliyyətlə məşğul olan, mübarizə aparan insanlar deyil, hər bir Azərbaycan vətəndaşı təhlükədədir: “Onların mülkiyyəti də, iş yeri də, iş imkanları da, azadlığı da həyatı da təhlükədədir. Bu rejimin yaratdığı gerçəklik, reallıq bundan ibarətdir”.

İ.Qəmbər Müsavatın üç ay əvvəl keçirilən qurultayından da söz açıb və narazıları hakimiyyətin oyununda iştirak etməkdə günahlandırıb: “Qurultay yenidən keçirilsə, nə baş verəcək? Kimsə hesab edir ki, qurultayı hakimiyyətin köməyi ilə yenidən keçirməyə cəhd etsə, nə isə əldə edəcək? Bunlar xam xəyallardır. Hakimiyyətlə birləşib, partiyaya zərbə vuran şəxsləri necə qiymətləndirək? Heç kim düşünməsin ki, çirkin maraqlarını bəzəməklə, mahiyyətini gizlədəcək. Hakimiyyətin oyununda iştirak edən 3-5 nəfər müsavatçı var ki, özlərini ifşa edib bitirməkdədirlər. Digərləri də kimin yanında olduqlarını aydınlaşdırmalıdırlar. Hər kəs özü üçün nəticə çıxarsın”.

İ.Qəmbər çıxışında bildirib ki, bu ilin ən önəmli hadisələrindən biri Müsavat Partiyasının VIII qurultayıdır. O, qurultayla bağlı iradları böhtan adlandırıb: “Bu qurultay demokratiya baxımından tarixi əhəmiyyət daşıyır. Bunun qarşısını nə hakimiyyət, nə həmkarlarımız, nə də bəzi partiyadaşlarımızın yersiz yanaşmaları ala bilər. Qurultayla bağlı iradlar səslənir və bəzən bu, böhtan və ağ yalan olur. Azərbaycanda faktiki olaraq Müsavatdan başqa gizli səsvermə ilə seçki keçirən partiya yoxdur. Biz partiyanı keçmişə yox, gələcəyə yönləndirməliyik. Qurultaya, seçkilərə iradları olan şəxslər bunları gələcək kontekstində dəyərləndirilməlidir. Ola bilər ki, kimsə hakimiyyətin köməyi ilə partiyanı bir neçə ay keçmişə aparmağa cəhd etsin. Ancaq buna nail olmayacaq”.

İ.Qəmbər bildirib ki, gələn il də mübarizələrini əsas fəaliyyət istiqaməti siyasi və vicdan məhbusların azad edilməsindən ibarət olacaq: “Bu, işimizin bir hissəsi olaraq qalacaq. Cəmiyyətin fəallaşması sahəsində səylər davam etməlidir”.

Daha sonra Məclisdə boş qalan yerlərə seçki keçirilib. Saat 14.00-da başlayan səsvermə bir saat çəkib. Həmçinin Məclis sədrliyinə, katibliyinə keçirilən seçki də başa çatıb. A.Hacılı bildirib ki, nəticələr bir saat ərzində məlum olacaq.

Həmçinin Müsavat Məclisi keçmiş Məclis sədrinə, katibinə, həmçinin keçmiş Divan üzvlərinə partiya quruculuğundakı fəaliyyətlərinə görə təşəkkür elan edib.

Həmçinin səsvermənin nəticələri də açıqlanıb. Seçki Komissiyasının sədri Azər İsmayıl bildirib ki, səsvermədə 76 nəfər iştirak edib. Nüşabə Sadıqlı 62 səs lehinə, 14 səs əleyhinə olmaqla Müsavat Məclisinin sədri seçilib.

Həmçinin Rauf Ağa Məclisin katibi seçilib. Divana dörd nəfər- Başxanım Abbaslı, Səxavət Soltanlı, Alya Yaqublu və Gülağa Aslanlı seçilib. Nəzarət-Təftiş Komissiyasına seçilən olmayıb, dörd yer boş qalıb. Məclisə 6 nəfər seçilib. Bununla Məclis üzvlərinin sayı 125 nəfərə çatıb. A.Hacılı bildirib ki, Məclisə 26 boş yer qalıb və bununla bağlı növbəti iclasda seçki keçirilə bilər.