Avropanın siyasi dairələrində vahid Avropa ordusunun yaradılması ideyası yenidən ciddi müzakirə mövzusuna çevrilib. Buna səbəb ABŞ-nin NATO-ya münasibətində müşahidə olunan qeyri-müəyyənlik, Vaşinqtonun Avropadakı hərbi mövcudluğunu azaltmaq ehtimalı və Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsinin yaratdığı təhlükəsizlik riskləridir.
Xüsusilə ABŞ Prezidenti Donald Trampın NATO üzvləri ilə bağlı sərt açıqlamaları, müdafiə xərclərini artırmayan ölkələrin qorunmayacağına dair mesajları və Avropadan ABŞ qoşunlarının çıxarılması ehtimalı Brüsseldə narahatlıq doğurur.
Avropa paytaxtlarında əsas sual isə budur: “Əgər Rusiya Avropaya hücum etsə, ABŞ doğrudan da köməyə gələcəkmi?”
Müzakirələrə əlavə impulsu Ukrayna Prezidenti Volodimir Zelenskinin Davosda Dünya İqtisadi Forumunda etdiyi çıxış verib. Zelenski Avropanın özünü müdafiə edə biləcək birləşmiş silahlı qüvvələrə ehtiyacı olduğunu bəyan edib və Rusiyanın Litva və ya Polşaya hücumu halında cavab mexanizminin sual altında olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Rusiyaya qarşı müharibədə təcrübə qazanmış bir milyonluq Ukrayna ordusu gələcək Avropa ordusunun əsasını təşkil edə bilər.
Avropa Komissiyasının müdafiə və kosmos üzrə üzvü Andryus Kubilyus da ABŞ-nin Avropadakı hərbi kontingentini azaltması ehtimalını ciddi risk kimi qiymətləndirərək, bir sıra açıq suallar səsləndirib. O, ABŞ-nin 100 minlik daimi hərbi qüvvəsinin necə əvəz olunacağı, Avropanın ayrıca komandanlıq strukturlarına malik olub-olmayacağı və NATO çərçivəsində “Avropa sütununun” necə formalaşacağı məsələlərinə diqqət çəkib.
Lakin vahid Avropa ordusu ideyası NATO və Aİ rəhbərliyi tərəfindən skeptik qarşılanır.
NATO-nun Baş katibi Mark Rütte bildirib ki, NATO-dan kənar paralel hərbi strukturun yaradılması resursların parçalanmasına, kadr çatışmazlığına və kollektiv müdafiə mexanizmlərinin zəifləməsinə səbəb ola bilər.
Rüttenin fikrincə, Avropanın ABŞ-siz təhlükəsizliyini təmin etməsi real deyil və belə bir ssenari yalnız Rusiyanın maraqlarına xidmət edər. O, ABŞ-nin nüvə çətirini “Avropanın azadlığının əsas təminatı” adlandırıb.
Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallas da oxşar mövqe sərgiləyərək NATO üzvü olan ölkələrin ayrıca Avropa ordusu yarada bilməyəcəyini, bunun həm büdcə, həm də komandanlıq baxımından xaos yaradacağını qeyd edib.
Bununla yanaşı, bəzi avropalı ekspertlər ABŞ-dən həddindən artıq asılılığın riskli olduğunu düşünür. “Politico” nəşrində dərc olunan məqalədə vurğulanır ki, ABŞ-ın strateji prioritetləri artıq Avropadan çox Hind-Sakit okean regionuna yönəlib və Avropa öz təhlükəsizliyini təmin etmək üçün daha müstəqil imkanlar formalaşdırmalıdır.
Mütəxəssislərin ümumi qənaətinə görə, yaxın perspektivdə NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq. Bununla belə, Avropanın müdafiə imkanlarını gücləndirməsi və alyans daxilində daha fəal rol alması qaçılmaz görünür. Başqa sözlə, gələcəkdə “daha Avropalı NATO” modeli mümkündür, lakin ABŞ-siz təhlükəsizlik arxitekturası hələlik real hesab edilmir.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər