Dünyanın ən bahalı döyüş təyyarələri sırasında yer alan F-35 Lightning II bu dəfə yüksək qiyməti ilə deyil, proqram təminatından asılılığı ilə gündəmə gəlib.
Belə ki, Hollandiyanın müdafiə nazir Qics Tuinman "BNR Nieuwsradio"-nun podkastında çıxışı zamanı ABŞ-nin F-35-ləri üçün proqram yeniləmələrini dayandırması ehtimalına diqqət çəkib. Nazir bildirib ki, təyyarənin proqram sistemi “iPhone kimi kilidi açılaraq dəyişdirilə bilər”.
Onun sözlərinə görə, istənildiyi təqdirdə F-35-in proqram təminatına müdaxilə etmək mümkündür: “Əslində deməməli olduğum bir şeyi deyirəm, amma yenə də deyəcəyəm. Əgər yeniləmə etmək istəsəniz, F-35-ə iPhone kimi müdaxilə etmək olar”.
Qeyd olunur ki, F-35 təyyarələri proqram yeniləmələrini və missiya planlaşdırma məlumat paketlərini ALIS və ODIN adlı bulud əsaslı şəbəkələr vasitəsilə alır. Bu sistemlər düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaq üçün kritik əməliyyat məlumatlarını – uçuş marşrutlarını, təhdid analizlərini və missiya parametrlərini – özündə birləşdirir.
Təyyarələrin “kompüter beyni” hesab olunan bu infrastruktur ABŞ mərkəzli sistemə bağlıdır. Xarici istifadəçilərin isə proqram təminatı üzərində birbaşa dəyişiklik etmək səlahiyyəti yoxdur.
"AzPolitika.info"


Şərhlər