ABŞ və Rusiya arasında Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin (СНВ-III) müddəalarının qeyri-rəsmi qaydada davam etdirilməsi ilə bağlı heç bir razılaşma yoxdur.
“AzPolitika” bildirir ki, bunu ABŞ dövlət katibinin köməkçisi Kristofer Yau bəyan edib.
O, bir neçə gün əvvəl “Axios” nəşrində yayılan və Vaşinqtonla Moskvanın müqavilənin şərtlərini “davam etdirməyə” yaxın olduğu barədə məlumatı şərh edərkən bildirib ki, belə bir razılaşmadan xəbəri yoxdur. Yau vurğulayıb ki, tərəflər arasında bu məsələ ilə bağlı heç bir “centlmen sazişi” mövcud deyil.
Vaşinqtondakı Hudson İnstitutunda çıxışı zamanı Yau qeyd edib ki, СНВ-III müqaviləsinin əsas çatışmazlıqlarından biri taktiki nüvə silahlarının və Çinin nüvə arsenalının məhdudlaşdırılmasını nəzərdə tutmamasıdır. Onun sözlərinə görə, Rusiya hələ müqavilənin müddəti başa çatmamış öhdəliklərin tam icrasından yayınırdı və hazırda ABŞ artıq bu sənədin limitləri ilə məhdudlaşmır.
ABŞ rəsmisi Çinin davranışından da narahatlığını ifadə edib. Vaşinqtonun məlumatına görə, Pekin 22 iyun 2020-ci ildə Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsini pozaraq nüvə sınağı həyata keçirib. Çin bu ittihamları rədd edir. ABŞ prezidenti Donald Tramp isə digər ölkələr, hətta kiçik gücə malik nüvə başlıqları üzrə testlər aparacağı təqdirdə, ABŞ-ın da nüvə sınaqlarını bərpa etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, ABŞ və Rusiyanın nüvə arsenalını məhdudlaşdıran СНВ-III müqaviləsinin qüvvədə olma müddəti cari ilin 5 fevralında başa çatıb. Vaşinqton Moskvanın yoxlamaların aparılmasından imtina etdiyini əsas gətirərək sənədin bir il müddətinə uzadılması təklifini qəbul etməyib.
ABŞ yeni nüvə silahlarına nəzarət müqaviləsinin yalnız Çinin də prosesə qoşulması şərti ilə müzakirə oluna biləcəyini bildirir. Çin isə Fransa və Böyük Britaniya kimi nüvə dövlətlərinin prosesdə iştirak etmədiyini əsas gətirərək bu tələbi rədd edir.
“AzPolitika.info”


Şərhlər