Ukrayna lideri Volodimir Zelenski ilk dəfə olaraq Kiyevin Bankova küçəsində yerləşən bunkeri və oradakı iş otağını ictimaiyyətə nümayiş etdirib.
O, rəsmi "Telegram" kanalında yayımladığı videomüraciətdə bildirib ki, Rusiya ilə müharibənin ilk günlərindən etibarən iki il ərzində həmin bunkerdə yaşayıb və yalnız Prezident Administrasiyasındakı ofisinə qısa səfərlər edib.
Zelenskinin sözlərinə görə, müharibənin başlanğıc mərhələsində xarici liderlərlə apardığı telefon danışıqları da məhz bu bunkerdən həyata keçirilib. Görüntülərdə bunker daxilində “Ukrayna Prezidentinin Ofisi” və “Nazirlər Kabinetinin rəhbərliyi” yazılmış lövhələr də yer alıb. Prezident qeyd edib ki, mühüm qərarların böyük hissəsi məhz burada qəbul olunub.
Hazırda isə Zelenski bunkerdə yaşamır. O bildirib ki, yalnız Rusiya ordusunun gecə hücumları zamanı təhlükəsizlik məqsədilə ora enir. Dövlət başçısı yaxın vaxtlarda bunkeri jurnalistlər üçün də açmağı və orada müsahibələr təşkil etməyi planlaşdırdığını deyib.
Qeyd edək ki, sözügedən bunker sovet dövründə inşa olunub və mümkün nüvə müharibəsi halında Sovet rəhbərliyinin qorunması üçün nəzərdə tutulub.
"AzPolitika.info"

Şərhlər