Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Statistika Komitəsinin məlumatına görə, muxtar respublikada iqtisadi fəal əhalinin sayı 275,5 min nəfərdir və onlardan 261 min nəfəri məşğul əhali hesab olunur.

Rəqəmləri təhlil edən iqtisadçı Toğrul Vəliyev bildirir ki, bölgənin əmək statistikası ilə bağlı ciddi suallar var. O qeyd edib ki, bu rəqəm çox sadə üsulla müəyyən edilib: Muxtar Respublikanın Dövlət Məşğulluq Agentliyində qeydiyyata alınan 14,5 min işsiz ümumi 275,5 min nəfərdən çıxılıb və nəticədə 261 min məşğul əhali əldə olunub. İqtisadçı bildirib ki, metodoloji baxımdan bu yanaşmada formal problem olmasa da, əsas məsələ ondadır ki, bir şəxsin işsiz kimi qeydiyyata alınmaması onun məşğul olması demək deyil. Belə ki, həmin şəxs ümumiyyətlə əmək bazarından kənarda qala bilər və bunu məhz Statistika Komitəsi müəyyən etməlidir. Qurum sadəcə Məşğulluq Agentliyinin məlumatını əsas götürməməlidir.

Toğrul Vəliyev ümumilikdə Naxçıvanın əmək statistikasını “çox qəribə məfhum” adlandırıb. O xatırladıb ki, 2023-cü ildə muzdlu işçilərin sayında Naxçıvanda 40 faizlik azalma qeydə alınmışdı. Bu, faktiki olaraq bir il ərzində 40 min insanın işdən məhrum olması demək idi.

İqtisadçı bildirib ki, bu qədər böyük azalmanı nə dolayı göstəricilər – məsələn, etirazlar və ya gəlirlərin azalması, nə də birbaşa göstəricilər – müəssisələrin bağlanması və s. təsdiqləyirdi. O əlavə edib ki, həmin azalma ilə bağlı heç kim maraqlanmayıb və bunun səbəbi izah olunmayıb.

T.Vəliyev deyib ki, daha maraqlısı odur ki, muzdlu işçilərin sayı kəskin azalarkən, iqtisadi fəal əhalinin sayı artmağa davam edib. Həmin 40 min nəfərin taleyi ilə bağlı heç bir aydınlıq yoxdur və bunu izah etməyə çalışan da yoxdur. İqtisadçı əlavə edib ki, 2025-ci ildə Naxçıvanda muzdla çalışan şəxslərin sayı 2024-cü illə müqayisədə cəmi 100 nəfər azalıb. Ən maraqlı göstəricilərdən biri orta aylıq nominal əməkhaqqıdır. Dövlət Statistika Komitəsi bu rəqəmin 812,6 manat olduğunu açıqlayır. Lakin iqtisadçı bildirib ki, işsizlikdən sığorta haqları və icbari tibbi sığorta ödənişləri əsasında aparılan hesablamalar fərqli nəticə göstərir. O sual edib ki, bu halda hansı rəqəmə inanmaq lazımdır.

T.Vəliyevin sözlərinə görə, əmək statistikası ölkənin sosial-iqtisadi vəziyyətini müəyyən etmək baxımından ən vacib göstəricilərdən biridir. Lakin hazırda detallı və ətraflı məlumat yoxdur, rəqəmlərdəki ciddi dəyişikliklər isə heç cür izah edilmir: “Bakıda oturaraq ABŞ əmək bazarında müxtəlif amillərin təsiri barədə geniş və detallı statistika əsasında danışmaq mümkündür. Amma Azərbaycana dair eyni səviyyədə təhlil aparmaq üçün kifayət qədər açıq və detallı məlumat mövcud deyil”.

“AzPolitika.info”