“Ukraynanın bərpası danışıqların vacib elementinə çevrilib”

Rusiya ilə müzakirələrdə çıxılmaz vəziyyətə baxmayaraq, dünən Ukrayna və ABŞ rəsmiləri müharibədən sonrakı yenidənqurma ilə bağlı danışıqlar aparmaq üçün Cenevrədə görüşüblər.

“AzPolitikaxəbər verir ki, Ukraynanın baş danışıqçısı Rüstəm Umerovun dediyinə görə, görüşün iştirakçıları daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıblar.

Bu günlərdə ABŞ Prezidenti Donald Trampla danışan Ukrayna lideri deyib ki, üçtərəfli danışıqlar martın əvvəlində Əbu-Dabidə keçiriləcək. “Reuters” agentliyinin məlumatına görə, danışıqların məqsədi Ukrayna və Rusiya liderləri arasında görüş üçün yol açmaqdır.

“Reuters” yazır ki, Rusiyanın hava hücumları və cəbhə xəttindəki döyüşlərin yaratdığı dağıntıdan sonra Ukraynanın yenidən qurulması məsələsi müharibəyə son qoymaq üçün aparılan geniş danışıqların vacib elementinə çevrilib. Qeyd edilir ki, ABŞ İkinci Dünya Müharibəsindən bəri Avropanın ən böyük münaqişəsində sülhə nail olmağa çalışır, lakin Moskva ilə Kiyev hələ də fikir ayrılıqlarındadır.

"Hər şey yekunlaşdırılmalıdır. Liderlər səviyyəsində real təhlükəsizlik zəmanətləri və görüşə hazırlıq üçün əldə edilən hər şey. Məhz bu format çox şeyi həll edə bilər. Nəticədə, əsas məsələlərə liderlər qərar verir", - deyə Zelenski bildirib.

ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner Cenevrə danışıqlarında iştirak ediblər. Rusiya təbliğat mediasının məlumatına görə, Putinin xüsusi elçisi Kirill Dmitriyev də cümə axşamı Cenevrədə ABŞ rəsmiləri ilə danışıqlar aparıb, lakin nəticə barədə şərh verməkdən imtina edib. Umerov əlavə edib ki, danışıqçılar ABŞ və Rusiya arasında növbəti görüşü "mümkün qədər məzmunlu" etmək üçün iqtisadi və təhlükəsizlik məsələləri üzərində işləyirlər.

Kiyevin növbəti 10 il ərzində təxminən 800 milyard dollar dövlət vəsaiti və özəl vəsait cəlb etməyə ümid etdiyi bildirilir. Dünya Bankının son hesablamalarına görə, Ukraynanın yenidən qurulmasının dəyəri ən azı 588 milyard dollar olacaq (2025-ci ilin sonuna olan məlumata görə). ABŞ-nin konkret və real olaraq nə təklif etdiyi hələlik açıqlanmır. Ancaq bilinən odur ki, ABŞ bu prosesdə əsas yükün Avropanın üzərinə düşməsində maraqlıdır və buna çalışır.

Bütün bu danışıqların fonunda müharibə tam şiddətlə davam etməkdədir. Son danışıqların başlamasından bir neçə saat əvvəl Rusiya Ukraynanın enerji və kritik infrastrukturuna 420 dron və 39 raket atıb. Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa deyib ki, bu zərbələr "Putinin terror və təcavüzə güvəndiyini" göstərir. Əslində, bu həm də onu göstərir ki, ABŞ başda olmaqla, Qərbdən daha güclü təzyiq görmədikcə, Rusiya hələ də real danışıqlarda və müharibənin başa çatdırılmasında maraqlı deyil.

C.Məmmədli

“AzPolitika.info”