Fevralın 26-da Cenevrədə Oman Sultanlığının vasitəçiliyi ilə ABŞ və İran arasında keçirilən növbəti danışıqlar müəyyən pozitiv nəticə ilə yekunlaşıb.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, danışıqlarda iştirak edən ABŞ Prezidentinin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff, həmçinin İranın xarici işlər naziri Abbas Arakchi son görüşü “kütləvi silahlı qarşıdurmanın qarşısını almaq üçün son şans” adlandırıblar. ABŞ bölgədə böyük hərbi qruplaşma yerləşdirib və İrana xəbərdarlıq edir ki, əgər Tehran nüvə proqramını dayandırmaq tələbini qəbul etməsə, hərbi əməliyyatlar mümkündür.

Omanın rəsmi nümayəndəsi Badr al-Busaidi danışıqlarda "əhəmiyyətli irəliləyiş" əldə edildiyini bildirib və qeyd edib ki, gələn həftə Vyanada texniki səviyyədə müzakirələr davam edəcək.

Qeyd edək ki, Vyana Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) qərargahına ev sahibliyi edir.

İran tərəfi də danışıqlarda “böyük irəliləyiş” olduğunu açıqlayıb. ABŞ-dəki “Axios” nəşri yüksək vəzifəli nümayəndəyə istinadən görüşləri "müsbət" adlandırıb.

Eyni zamanda, “The Wall Street Journal” öz mənbələrinə istinadla yazır ki, İran ABŞ-nin tələblərini - nüvə obyektlərinin tamamilə ləğvi və zənginləşdirilmiş uranın verilməsini qəbul etməyib.

İranın yüksək vəzifəli rəsmisi "Əl-Cəzirə” telekanalına açıqlamasında bildirib ki, Tehran MAQATE-nin nəzarəti altında uranın zənginləşdirilməsini dondurmağa hazırdır. Lakin İran nüvə zənginləşdirməsini tam dayandırmaq, obyektləri sökmək və ABŞ-yə uran ehtiyatını vermək niyyətində deyil. Eyni zamanda Tehran sanksiyaların ləğvini müqavilənin şərti kimi irəli sürür.

Keçən ilin yayında ABŞ İranın nüvə obyektlərinə hərbi zərbələr endirmişdi. Vaşinqton bildirib ki, həmin obyektlər tamamilə məhv edilib. ABŞ indi iddia edir ki, İran nüvə proqramını bərpa etməyə çalışır, Tehranın açıqlamasına görə isə proqramın məqsədi nüvə silahına sahib olmaq deyil.

“AzPolitika.info”