“ABŞ qəsdən məktəbi hədəfə almaz”

Amerika ordusunun İrana ən şiddətli zərbələri hələ qarşıdadır.

“AzPolitika” xəbər verir ki, “BBC News”-un məlumatına görə, bunu ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında deyib.

"Taktiki hərəkətlərimizin təfərrüatlarını açıqlamayacağam, amma Amerika ordusunun ən şiddətli zərbələri hələ qarşıdadır. Növbəti mərhələ İran üçün bundan daha qəddar olacaq", - deyə Rubio jurnalistlərlə görüşündə bildirib.

O, həmçinin deyib ki, Amerikanın məqsədi İranın ballistik raket imkanlarını məhv etmək və donanmasının qlobal gəmiçilik üçün yaratdığı təhlükəni aradan qaldırmaqdır.

"Ümid edirik ki, İran xalqı mövcud hökuməti devirəcək və ölkələri üçün yeni bir gələcək qura biləcək. Biz bunun baş verməsini çox istərdik", - deyə Rubio əlavə edib.

Jurnalistlər həmçinin Rubiodan Minab şəhərindəki məktəbə edilən zərbənin onlarla mülki şəxsin, o cümlədən uşaqların ölümünə səbəb olduğu barədə məlumata münasibət bildirməsini istəyiblər.

"Əgər bu bizim hücumumuz olsaydı, Müdafiə Nazirliyi araşdırma aparardı və mən sizin sualınızı onlara yönləndirərdim. ABŞ qəsdən məktəbi hədəfə almazdı", - deyə Rubio cavab verib.

“AzPolitika.info”