Ukrayna və Rusiya arasında hərbi əsirlərin növbəti mübadiləsi həyata keçirilib. Mübadilə tərəflər arasında razılaşdırılmış “500-ə 500” formulu çərçivəsində iki mərhələdə baş tutub.
Martın 5-də keçirilən ilk mərhələdə hər iki tərəf 200 hərbçini azad edib. Martın 6-da isə prosesin ikinci hissəsi baş tutub və tərəflər daha 300 nəfəri bir-birinə təhvil veriblər.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, bu mübadilə nəticəsində Ukrayna 300 hərbçi ilə yanaşı iki mülki vətəndaşını da geri qaytara bilib.
“Naş vyxod” hüquq müdafiə hərəkatının koordinatoru Irina Krynina isə “Novaya qazeta Evropa” nəşrinə açıqlamasında qeyd edib ki, Rusiyaya qaytarılan hərbçilərin 54 faizi 2025-ci ildə, 43 faizi isə 2024-cü ildə əsir düşüb.
Onun sözlərinə görə, Rusiyaya qayıdan bəzi hərbçiləri məyusluq gözləyə bilər: “Bir çoxu evlərinə deyil, Moskva vilayətində yerləşən hərbi hissələrdən birində kazarmaya göndərilə bilər. Daha sonra isə yenidən öz bölmələrinə qaytarılıb cəbhəyə göndərilmələri mümkündür”.
Krynina bildirib ki, “Naş vyxod” təşkilatına artıq yüzlərlə rusiyalı müraciət edib. Onların sözlərinə görə, əvvəllər əsirlikdən qaytarılmış yaxınlarını hərbi komandanlıq yenidən döyüşə göndərməyə çalışır.
Məlumata görə, əsir mübadiləsi tərəflər arasında Cenevrədə keçirilən danışıqlarda əldə olunan razılaşmalar çərçivəsində həyata keçirilir.
“AzPolitika.info”


Şərhlər