Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Ramazan bayramı münasibətilə yaydığı müraciətdə regionda artan gərginliklə bağlı ciddi xəbərdarlıq edib.
Baxçalı bildirib ki, İran ərazisinə 28 fevral 2026-cı ildən etibarən yeni nəsil raketlər və yüksək dağıdıcı gücə malik bombalarla hücumlar həyata keçirilir. Onun sözlərinə görə, bu proses bölgədə vəziyyəti daha da gərginləşdirir.
Siyasətçi qeyd edib ki, Yaxın Şərqdə, xüsusilə Türkiyənin sərhədlərinə yaxın ərazilərdə müharibə və insanlıq cinayətlərinin ağır nümunələri müşahidə olunur. Baxçalı əlavə edib ki, Körfəz ölkələrini də əhatə edə biləcək genişmiqyaslı müharibə ssenarisi sürətlə formalaşır.
O, həmçinin vurğulayıb ki, regionda baş verən hadisələr getdikcə daha təhlükəli xarakter alır və bu vəziyyətin qarşısının alınması üçün beynəlxalq səviyyədə addımlar atılmalıdır.
Baxçalı münaqişələrin daha da genişlənməməsi üçün atəşkəs və sülh çağırışı edib, problemlərin diplomatik yollarla həllinin vacibliyini qeyd edib.
Eyni zamanda o bildirib ki, Türkiyə bu mürəkkəb geosiyasi şəraitdə ehtiyatlı və düşünülmüş siyasət yürütməlidir.
"AzPolitika.info"


Şərhlər