İran Trampın atəşkəs təklifini qəbul etməyib, öz şərtlərini irəli sürüb.

"AzPolitika" xəbər verir ki, bu barədə İran hökumətinin rəsmisi Press TV-yə danışıb.

Mənbənin məlumatına görə, rəsmi Tehran müharibənin bitmə tarixinin və şərtlərinin yalnız İran tərəfindən müəyyən edilə biləcəyini ABŞ tərəfinə çatdırıb.

“İran ABŞ prezidentinə müharibənin nə vaxt bitəcəyini diktə etməyə imkan verməyəcək. İran müharibəni özü qərar verdiyi zaman və yalnız öz şərtləri yerinə yetirildikdə bitirəcək”, - Press TV-yə danışan iranlı rəsmi vurğulayıb.

O əlavə edib ki, Tehran tələbləri yerinə yetirilənədək müdafiəni davam etdirmək və düşmənə “ağır zərbələr” endirmək niyyətindədir.

Rəsminin sözlərinə görə, Vaşinqton müxtəlif diplomatik kanallar vasitəsilə danışıqlar aparmağa çalışıb,  “həddi aşan” və ABŞ-nin döyüş meydanındakı uğursuzluqları ilə uyğun gəlməyən təkliflər irəli sürüb.

Rəsmi şəxs İranın müharibəni dayandırmağa razı olacağı beş konkret şərti də açıqlayıb:

- Düşmən tərəfindən “təcavüz və sui-qəsdlərin” tamamilə dayandırılması;

- Müharibənin yenidən İslam Respublikasına yüklənməməsini təmin etmək üçün konkret mexanizmlərin yaradılması;

- Müharibədə dəyən ziyan və təzminatların zəmanətli və aydın şəkildə müəyyən edilmiş ödənişi;

- Müharibənin bütün cəbhələrdə və bölgədə başa çatması;

- İranın Hörmüz boğazı üzərində suverenliyini həyata keçirməsi onun təbii və qanuni hüququdur və belə də qalacaq, bu, digər tərəfin öhdəliklərinin yerinə yetirilməsi üçün zəmanət təşkil edir və tanınmalıdır.

"AzPolitika.info"