Donald Trampın hərəkətləri və ritorikası təkcə beynəlxalq aləmdə deyil, ABŞ-nin özündə də çoxları tərəfindən böyük ikrah hissi və qıcıqla qarşılanır.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bir zaman prezidentliyə namizəd olmuş, hazırda isə ABŞ-də ən tanınmış senatorlardan olan Berni Sanders Donald Trampın İrana ünvanladığı təhqiramiz çıxışını sərt şəkildə tənqid edib.

Senator Trampın xüsusilə Pasxa bayramı qeyd edilən gün İrana ünvanladığı bəyanatı əxlaqdan və mədəniyyətdən uzaq hesab edib: "Bu, təhlükəli və psixi cəhətdən qeyri-sabit bir adamın cəfəngiyyatıdır. Konqres İNDİ hərəkətə keçməlidir. Bu müharibəyə son qoyun", - deyə Sanders X sosial media platformasında yazıb.
Xatırladaq ki, Tramp 5 apreldə “TruthSocial” sosial media platformasında İrana müraciət edərək təhqiramiz formada Hörmüz boğazının açılmasını tələb edib.
"Çərşənbə axşamı İranda Elektrik Stansiyaları Günü və Körpü Günüdür. Heç kim buna bənzər bir şey görməyib!!! O “lənətə gəlmiş boğazı”(söyüşlə yazıb-red.) açın, dəli alçaqlar, yoxsa cəhənnəmdə yaşayacaqsınız - SADƏCƏ İZLƏYİN! Allaha həmd olsun", - deyə ABŞ prezidenti yazıb.
Şənbə günü Tramp Hörmüz boğazının açılmasını tələb edərək, o 48 saat ərzində açılmazsa, İranı "cəhənnəm"lə hədələyib.
Ancaq sonradan İranla daha 2 gün “möhlət verdiyini” bəyan edib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) öz növbəsində vəziyyətin daha da gərginləşəcəyi təqdirdə bölgədəki düşmənlərinə "cəhənnəm qapılarını" açacağına söz verib.
“AzPolitika.info”

Şərhlər
ABŞ doğrudan da demokratik ölkədir. Bütün müharibə boyu İran siyasətçiləri, dövlət xadimləri və hətta hərbçiləri dayanmadan Amerika mətbuatının yaratdığı şəraitdən istifadə edib ölkə daxilində Amerikan xalqına yönəlmiş onun hakimiyyətinin siyasətinə qarşı təbliğat aparmaq imkanından yararlandı. Lakin demokratiya və geosiyasət başqa-başqa şeylərdir. Amma eyni şəraiti İranda Tramp və onun komandasına yaratmaqdan söhbət belə gedə bilməzdi və görən oldumu? Ona görə ki, İran totalitar dövlətdir (ancaq etiraf edək ki, şəxsi deyil, institutlaşmış). Azərbaycana gəldikdə isə, biz artıq 35 ildir müstəqillik əldə etmişik, mənim də dövlət nəzəriyyəsindən minimum səviyyədə olsa da məlumatım var, amma vallah nə qədər axtarıram, hələ ki, bizdəki idarəetmədə dövlət əlamətlərini tapa bilmirəm.