“2000-2003-cü illərdə “Azadlıq” radiosuna hökuməti tənqid etməyi, şərh yazmağı, fikir izhar etməyi qadağan edən menecerlər bu gün İlham Əliyev hökumətinə meydan oxuyur”
“Azadlıq” radiosu Bakı bürosunun keçmiş rəhbəri Mirzə Xəzər bloqunda radonun Bakı ofisinin bağlanmasından yazıb. Musavat.com xəbər verir ki, Mirzə Xəzər yazısına “Azad Avropa/Azadlıq” radiokorporasiyasının keçmiş prezidenti, hazırda Corctaun Universitetinin xarici siyasət məktəbinin qlobal siyasət və təhlükəsizlik departamentinin direktoru Cefri Gedmin “Vaşinqton Post” qəzetində dərc edilmiş məqaləsini xatırlatmaqla başlayıb. Mirzə Xəzər bildirib ki, cənab Gedmin ABŞ hökumətini İlham Əliyevə təzyiq göstərməyə çağırır. Gedminin sözlərinə görə, Birləşmiş Ştatlar israr etməlidir ki, Azərbaycan “Azadlıq” radiosunun Bakı bürosunun açılmasına dərhal icazə versin, ölkə boyu jurnalistlərə qarşı təzyiq və təqiblərə son qoysun. Müəllif bu tələblə bağlı öz fikrini bölüşüb:
“İlham Əliyevin bu möhtəməl təzyiqlərə əməl edib-etməyəcəyi naməlumdur. Amma şərhimizin mövzusu bu deyildir. Cefri Gedminin yazısının ən diqqətəlayiq hissəsi onun 2009-cu ildə Bakıda İlham Əliyevlə görüşü ilə bağlı məlumatdır. Gedmin yazır: sitat “Mən Əliyevlə 2009-cu ildə – “Azad Avropa” və “Azadlıq” radiolarının prezidenti olarkən görüşmüşəm…Mənə dedi ki, Azərbaycan ABŞ-ın neftlə zəngin strateji müttəfiqi ola-ola, Rusiya və İranla həmsərhəd ölkə ola-ola, o bizim radioda öz hökuməti haqda tənqidləri niyə dinləməli olduğunu anlamır…” Cefri Gedmin radionun keçmişindən xəbərdar olsaydı, “anlamır” yerinə, “təəccüblənir” sözünü işlədərdi. İlham Əliyevin təəccüblənməyə əsası var. 2000-2003-cü illərdə “Azad Avropa” və “Azadlıq” radiolarının rəhbərliyi “Azadlıq” radiosunun Azərbaycan redaksiyasında bir sıra qadağalar tətbiq etmişdi. Bu qadağalara əsasən, şərh yazmaq olmaz, şəxsi fikir ifadə etmək olmaz, korrupsiyadan yazmaq olmaz, hökuməti tənqid etmək olmaz, İran Azərbaycanından yazmaq olmaz, “Cənubi Azərbaycan” kəlməsindən istifadə etmək olmaz, “erməni işğalçıları” təbirini işlətmək olmaz. olmaz, olmaz, olmaz…2003-cü ilin sentyabrında redaksiyanın rəhbəri işdən çıxarıldı. Oktyabr ayında prezident seçkiləri keçirildi və İlham Əliyev dövlət başçısı seçildi. Sonrakı illərdə İlham Əliyev hökuməti ilə “Azadlıq” arasında “ittifaq” pozulmadı. “Azadlıq” radiosuna FM dalğası verildi. Radionun bürosu rəsmi status aldı. Əsl bal ayı…Və qəflətən radionun siyasətində 180 dərəcə dönüş oldu. Radio İlham Əliyevə qarşı radikallaşdı”.
M.Xəzər hesab edir ki, İlham Əliyev 2009-cu ildə Cefri Gedminlə söhbət zamanı məhz bu üzdən, radionun siyasətində qəfil dönüşün, qəflətən, gözlənilmədən radikallaşmasının səbəbini anlamadığı üçün təəccübləndiyini gizlətməmişdir“. Gedman öz məqaləsində belə nəticə çıxardır ki, “Əliyevi inandırmaq mümkün olmadı.” İlham Əliyev haqlı idi, belə təzadlı siyasəti anlamaq çətindir. Və bu təzadlı siyasət üçün radionun Bakıda qorxu içində yaşayan müxbirləri, habelə həbsdə olan əməkdaşı Xədicə İsmayılova məsuliyyət daşımır. Onlar təzadlı siyasətin zərərkeşləridir… Sonda bir əcaib nüansa diqqəti cəlb etmək istərdik: 2000-2003-cü illərdə “Azadlıq” radiosuna hökuməti tənqid etməyi, şərh yazmağı, fikir izhar etməyi qadağan edən menecerlər bu gün “Azad Avropa” və “Azadlıq radioları”nın, təəccüblənməyin, İlham Əliyev hökumətinə meydan oxuyur. Gedmin məqaləsində yazır ki, 2009-cü ildə mən “bizim jurnalistlərə qarşı təzyiqlərin dayandırılmasına nail olmaq üçün Azərbaycanın paytaxtı Bakıya səfər etmişdim”. Öz əməkdaşlarını qorumaq üçün Bakıya gedən prezidentə əhsən! İndiki prezident Bakıya getmir…”

Şərhlər