Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müdafiə sənayesinin ciddi inkişaf etdiyini və hazırda bu sahədə yüzlərlə güclü şirkətin fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, bu gün Ukraynada 200 güclü müdafiə şirkəti mövcuddur və onlardan 30-u artıq dünya səviyyəli liderlər sırasına daxildir.
“Bunlara dronlar, artilleriya sistemləri, zirehli texnika, minatəmizləmə üçün yüksək texnologiyalı dronlar və pilotsuz robot kompleksləri daxildir”, – deyə prezident vurğulayıb.
Zelenski qeyd edib ki, təhlükəsizlik sahəsində “dövlətdən-dövlətə” (G2G) əməkdaşlıq mexanizmi mühüm rol oynayır. Onun sözlərinə görə, bu model ilk növbədə çərçivə sazişlərinin imzalanmasını nəzərdə tutur, bundan sonra isə özəl şirkətlər bazara daxil olaraq konkret müqavilələr üzrə danışıqlar aparırlar.
“Əgər mən 1 milyard dollarlıq razılaşma əldə edirəmsə, bu məbləğdən dövlət büdcəsinə vergi daxilolmaları olacaq. Şirkətləri isə sifarişçi və özəl sektor seçir. Qoy rəqabət olsun, bu normaldır”, – deyə o bildirib.
Ukrayna lideri vurğulayıb ki, ölkə artıq güclü hərbi-sənaye kompleksi formalaşdırıb və “Made in Ukraine” brendi yüksək dəyərə malikdir.
“Bu məhsulların qiyməti təkcə pul və texnologiya ilə ölçülmür. Burada həmin texnikadan istifadə edən insanların həyatı da var”, - deyə Volodimir Zelenski əlavə edib.
Zelenski qeyd edib ki, müdafiə sənayesində rəqabət və innovasiya Ukraynanın təhlükəsizliyi və iqtisadi inkişafı üçün əsas amillərdən biridir.
“AzPolitika.info”

Şərhlər