“Drujba” boru kəmərinin Ukrayna hissəsi ilə neft tədarükü çərşənbə günü günortadan sonra bərpa olunacaq.

“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayılb. Agentlik bildirib ki, Macarıstanın MOL şirkəti tranzit sorğusu təqdim edən ilk şirkət olub və şirkət tərəfindən tələb olunan ilkin həcmlər Macarıstan və Slovakiya arasında bərabər bölünəcək.

MOL özü də “Drujba” boru kəməri vasitəsilə tədarükün bərpa olunduğunu təsdiqləyib. Şirkətin veb saytına görə, Macarıstanın Neft və Qaz Nazirliyi boru kəmərinin Ukrayna hissəsini idarə edən "Ukrtransnafta"dan obyektdə təmir işlərinin başa çatdığı və fors-major hallarının aradan qaldırıldığı barədə bildiriş alıb. Bəyanatda deyilir: "Bildirişə əsasən, "Ukrtransnafta" ASC Macarıstan və Slovakiyaya xam neftin tranzitini bərpa etməyə hazırdır".

Bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin "Avropa Birliyi ilə razılaşdırıldığı kimi" “Drujba” neft kəmərinin zədələnmiş hissəsinin bərpasını başa çatdırdığını açıqlayıb. "Hazırda heç kim Rusiyanın boru kəməri infrastrukturuna zərbələrinin təkrarlanmayacağına zəmanət verə bilməsə də, mütəxəssislərimiz boru kəməri sisteminin və avadanlıqlarının istismarının bərpası üçün əsas şərtləri təmin ediblər", - deyə o, “Telegram”-da yazıb.

“Drujba” boru kəmərinin cənub hissəsi vasitəsilə Macarıstan və Slovakiyaya xam neftin nəqli 2026-cı ilin yanvar ayında dayandırılıb. Budapeşt və Bratislava tranzitin siyasi səbəblərdən dayandırıldığını iddia edib, Ukrayna tərəfi isə boru kəmərinin Rusiya zərbələri nəticəsində zədələndiyini və təmirə ehtiyac duyulduğunu bildirib.

“AzPolitika.info”