Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi keçmiş Prezident Ofisi rəhbəri Andrey Yermak barəsində həbs qətimkan tədbiri seçib.

“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, qərara əsasən, o istintaq dövründə həbsdə saxlanılacaq, lakin 140 milyon qrivna (təxminən 3,1 milyon dollar) məbləğində girov ödəyəcəyi halda azadlığa çıxa biləcək.

Yermak külli miqdarda vəsaitin leqallaşdırılması işi üzrə əsas fiqurlardan biri hesab olunur. İstintaq materiallarına görə, söhbət Kiyev yaxınlığında yerləşən “Dinastiya” adlı elit kottec şəhərciyinin tikintisi zamanı 460 milyon qrivnanın (təxminən 10,4 milyon dollar) yuyulmasından gedir.

İş üzrə Yermakla yanaşı daha altı nəfər də şübhəli şəxs qismində keçir. Onların arasında Ukraynanın keçmiş baş nazir müavini Aleksi Çernışov da var. İstintaqı Ukraynanın müstəqil Milli Antikorrupsiya Bürosu aparır.

Məhkəmə qərarına əsasən, girov ödəniləcəyi halda Yermak elektron qolbaq taxmalı, xarici və diplomatik pasportlarını təhvil verməli və iş üzrə digər fiqurantlarla əlaqə saxlamamalıdır. Ona Kiyev şəhərini tərk etmək də qadağan edilib. 

Keçmiş Prezident Ofisi rəhbəri məhkəmədə belə böyük məbləği ödəmək imkanının olmadığını bildirib: “Məndə belə pul yoxdur. Amma ümid edirəm ki, kifayət qədər tanışlarım və dostlarım var, onlar kömək edə bilərlər”.

Onun sözlərinə görə, özü istintaq təcridxanasında qalmağa hazırlaşmayıb. Müdafiə tərəfi Ali Antikorrupsiya Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəyini açıqlayıb.

İstintaqın versiyasına görə, 2020-ci ildə keçmiş Baş nazir müavini Çernışov Kiyev vilayətinin Kozin qəsəbəsində spa-kompleksli elit kottec şəhərciyi tikmək qərarına gəlib. Layihəyə gələcək qonşu və investor kimi Prezident Ofisinin rəhbəri Yermak və bir biznesmen də cəlb olunub. Ukrayna mediası həmin biznesmenin axtarışda olan Timur Mindiç olduğunu yazır. İstintaq materiallarında bildirilir ki, tikinti üç əsas mənbə hesabına maliyyələşdirilib. Bunlardan biri saxta şirkətlər vasitəsilə tikinti kooperativinə yönləndirilən vəsaitlər, digəri korrupsiya sxemlərindən əldə olunan və “çirkli pulların yuyulması” ilə məşğul olduğu iddia edilən strukturların nağd pulları olub. Üçüncü mənbənin isə mənşəyi müəyyən edilməmiş vəsaitlər olduğu vurğulanır.

İstintaq sənədlərində həmin vəsaitlərin bir hissəsinin Ukraynanın dövlət enerji şirkəti “Energoatom” ətrafındakı korrupsiya sxemləri ilə əlaqəli olduğu iddia edilir.

Yermakın vəkili Ihor Fomin isə ittihamları rədd edib. O bildirib ki, müvəkkilinə qarşı cinayət işi açılması üçün heç bir hüquqi əsas yoxdur: “Mən müəyyən ardıcıllıq görürəm. İstintaq aparmaq və qanuna uyğun ittiham irəli sürmək əvəzinə, əvvəlcə mediaya müxtəlif məlumatlar ötürülür”. Vəkil bununla mediada yayılan və “Mindiç lentləri” adlandırılan materiallara işarə edib. Həmin səs yazılarında iddia olunur ki, Yermakın adı korrupsiya sövdələşmələrində hallanır.

Andrey Yermak 2020-ci ildən Ukrayna Prezident Ofisinin rəhbəri idi və ölkə Prezidenti Volodimir Zelenski komandasının ən nüfuzlu şəxslərindən biri hesab olunurdu. O, Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edib, həmçinin istefasından qısa müddət əvvəl ABŞ ilə aparılan danışıqlarda əsas fiqurlardan biri olub.

Yermak 2025-ci ilin noyabrında “Enerqoatom” ətrafında yaranan korrupsiya qalmaqalından sonra istefa verib. O, “Ukrainskaya Pravda” nəşrinə açıqlamasında bildirib ki, istintaq hərəkətləri başa çatdıqdan sonra işlə bağlı geniş şərh verəcək.

Keçmiş məmur həmçinin özünün böyük sərvətə malik olması barədə iddiaları da təkzib edib: “Mənim heç bir evim yoxdur, yalnız bir mənzilim və bir avtomobilim var”. Ukrayna Milli Antikorrupsiya Bürosu isə vurğulayıb ki, aparılan istintaqda Prezident Volodimir Zelenski fiqurant kimi keçmir.

Onu da xatırladaq ki, Andrey Yermak 2025-ci il noyabrın 28-də istefa verib.

Rasim

“AzPolitika.info”