ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə genişmiqyaslı sülh nizamlanması çərçivəsində Səudiyyə Ərəbistanı, Qətər və bir sıra digər regional dövlətləri "İbrahim sazişləri"nə qoşulmağa çağırıb. 

"AzPolitika" xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünə məxsus "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.

Trampın bəyanatından bəlli olur ki, o, gələcəkdə hətta İranın da bu sazişlərə qoşulmasını istəyir..ramp həftəsonu adıçəkilən ölkələrin liderləri ilə telefonla danışdığını və bu məsələni müzakirə etdiyini bildirib. 

"Onların bir çoxu ilə (digər Yaxın Şərq dövlətlərinin liderləri - red.) söhbətlərimdə onlar bildirdilər ki, sənədimiz imzalandıqdan sonra İran İslam Respublikasının da İbrahim sazişlərinin bir hissəsi olması onları şərəfləndirər. Bu, doğrudan da xüsusi bir hadisə olardı! Bu, bu böyük, lakin daim münaqişə içində olan ölkələrin imzalayacağı ən mühüm saziş olacaq. Keçmişdə və gələcəkdə heç nə bundan üstün ola bilməz", - o qeyd edib.

Xəbərdə qeyd olunur ki, Tramp regionun altı müsəlman ölkəsinin - Səudiyyə Ərəbistanı, Qətər, Pakistan, Türkiyə, Misir və İordaniyanın sazişə qoşulmasını istəyir. ABŞ Prezidenti xüsusilə Qətər və Səudiyyə Ərəbistanının üzərinə vurğu vuraraq qeyd edib ki, əgər bu ölkələr sənədi imzalamaqdan imtina etsələr, ABŞ-ın hazırda İranla müzakirə etdiyi yeni qlobal sazişin də bir parçası ola bilməyəcəklər.

Maraqlıdır ki, Tramp özünün uzunmüddətli paylaşımında İsrailin adını bir dəfə də olsun çəkməyib.

Tehranla aparılan danışıqlara toxunan Donald Tramp prosesin müsbət istiqamətdə getdiyini vurğulasa da, hədə-qorxu gəlməkdən də çəkinməyib: "İslam Respublikası ilə danışıqlar yaxşı gedir! Amma bu, ya hamı üçün böyük bir sövdələşmə olacaq, ya da ümumiyyətlə heç bir razılaşma olmayacaq. Razılaşma olmasa, yenidən cəbhə xəttinə və atışmaya qayıdacağıq – həm də əvvəlkindən daha böyük və daha güclü şəkildə. Bunu isə heç kim istəmir".

Ağ Ev rəsmiləri sənədin yaxın günlərdə imzalana biləcəyinə ümid etsələr də, rəsmi Tehran hələlik daha təmkinli mövqe nümayiş etdirir.

"İbrahim sazişləri" - 2020-2021-ci illərdə Donald Trampın birinci prezidentliyi dövründə ABŞ-nin vasitəçiliyi ilə İsrail ilə ərəb-müsəlman ölkələri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan sənədlər paketidir. Saziş çərçivəsində ilk olaraq BƏƏ və Bəhreyn, daha sonra isə Mərakeş və Sudan İsraili rəsmən tanıyaraq onunla diplomatik əlaqələr qurublar. Tramp mətndə Qazaxıstanın da adını çəksə də, Mərkəzi Asiya ölkəsi bu formata rəsmən daxil olmayıb.

“AzPolitika.info”