Qlobal enerji bazarlarında baş verən dəyişikliklər neft ixrac edən ölkələrin iqtisadiyyatına təsir göstərməkdə davam edir. Son aylarda beynəlxalq bazarlarda neft qiymətlərində müşahidə olunan dalğalanmalar iqtisadi dairələrdə müxtəlif müzakirələrə səbəb olub. Ekspertlər hesab edirlər ki, hazırkı qiymət dəyişiklikləri əsasən qısamüddətli bazar reaksiyaları və geosiyasi faktorlarla bağlıdır. 

Qlobal bazarlardakı dalğalanmaların əsas səbəbləri hansılardır? Neft qiymətlərindəki dəyişikliklər Azərbaycanın iqtisadiyyatına necə təsir edə bilər?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, qlobal enerji bazarlarında müşahidə olunan dəyişikliklər artıq uzun müddətdir davam edir və bu proses tədricən daha ciddi iqtisadi nəticələr doğurmağa başlayıb.

Onun sözlərinə görə, baş verən əsas dəyişikliklərin kökündə geosiyasi gərginliklər dayanır. Xüsusilə Yaxın Şərq regionunda yaşanan siyasi və hərbi qarşıdurmalar enerji bazarına birbaşa təsir göstərir.

Ekspert qeyd edib ki, İran və ABŞ arasında münasibətlərin gərginləşməsi, eləcə də Hörmüz boğazı ətrafında yaranan risklər beynəlxalq enerji daşımalarında ciddi narahatlıq yaradıb: “Hörmüz boğazının bağlanması ehtimalı dünya bazarlarında neftin qiymətinə dərhal təsir edən əsas amillərdən biridir. Çünki dünya üzrə ixrac olunan neftin böyük hissəsi məhz bu strateji marşrut vasitəsilə daşınır. Belə bir vəziyyətin yaranması xüsusilə enerji idxalından asılı olan ölkələrdə qiymət artımını sürətləndirib. Bir sıra idxalçı ölkələrdə enerji məhsullarının qiymətində 20-25 faiz civarında artım qeydə alınıb. Bu isə həm istehsal sektoruna, həm də əhalinin gündəlik xərclərinə mənfi təsir göstərir”.

İqtisadçı əlavə edib ki, enerji qiymətlərindəki dəyişikliklər təkcə neft bazarı ilə məhdudlaşmır: “Eyni zamanda nəqliyyat, logistika və sənaye sektorlarında da əlavə xərclərin yaranmasına səbəb olur. Nəticə etibarilə dünya iqtisadiyyatında inflyasiya təzyiqləri daha da güclənir. Hazırkı mərhələdə beynəlxalq bazarlarda qeyri-müəyyənlik hələ də davam edir və investorlar riskləri diqqətlə qiymətləndirirlər”.


Baş verən proseslərin Azərbaycan iqtisadiyyatına təsirinə toxunan ekspert bildirib ki, Azərbaycan enerji ixrac edən ölkə olduğu üçün neft qiymətlərindəki artım qısa müddətdə ölkəyə əlavə valyuta axını qazandırır: “Bu da dövlət büdcəsinin gəlirlərinə və valyuta ehtiyatlarının artmasına müsbət təsir göstərir. Eyni zamanda enerji sektorundan daxil olan vəsaitlər iqtisadi aktivliyin müəyyən qədər genişlənməsinə imkan yaradır. Mövcud vəziyyəti yalnız qısamüddətli göstəricilər əsasında qiymətləndirmək düzgün olmazdı. İqtisadi baxımdan daha dəqiq nəticə əldə etmək üçün hadisələrin uzunmüddətli təsirlərini analiz etmək vacibdir. Əgər geosiyasi gərginlik uzun müddət davam edərsə, neft bazarında daha sərt qiymət dalğalanmaları müşahidə oluna bilər. Bu isə həm ixracatçı, həm də idxalatçı ölkələr üçün əlavə iqtisadi risklər yarada bilər. Dünya iqtisadiyyatında sabitliyin qorunması üçün regionda siyasi gərginliyin azalması və enerji təhlükəsizliyi ilə bağlı risklərin minimuma endirilməsi mühüm əhəmiyyət daşıyır”.

Oğuz Ayvaz

AzPolitika.info”