Dünən Ermənistanın hakim partiyası Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə İrəvanda son seçki mitinqini keçirib. Seçki olduqca izdihamlı alınıb.

“AzPolitika” xəbər verir ki, mitinqdə çıxış edən Nikol Paşinyan meydana toplaşanların qarşısında diz çöküb və rəqiblərini də xalqın qarşısında diz çökməyə məcbur edəcəyini deyib. Bu barədə sosial mediada görüntülər yayımlanıb.

O, Robert Koçaryanı, Samvel Karapetyanı və Qaqik Tsarukyanı cinayətlərdə ittiham edərək, onları cinayət məsuliyyətinə cəlb etməklə hədələyib.

Paşinyan ruspərəst müxalif partiyaları "üçbaşlı müharibə partiyası" adlandıraraq, onların 7 iyun 2026-cı il seçkilərində parlamentə düşməməli olduqlarını deyib: "Bu, Ermənistan xalqının ləyaqəti məsələsidir. Ermənistan xalqını rüşvətlə ələ ala və nüfuzdan sala biləcəklərinə inanan həmin siyasi qüvvələr, agent şəbəkələri səsvermənin nəticələrinə görə diz çökdürülməlidir".

Paşinyan Robert Koçaryanı seçkidən sonra həbs etmək niyyətində olduğunu açıqlayıb: “Koçaryan seçkilərdən dərhal sonra həbs olunmalı və 1 mart 2008-ci il cinayətinə görə məhkəməyə verilməlidir... 1 mart hadisəsindəki cinayətlərdə günahkar olanlar uzun illər həbs cəzasına məhkum edilməlidirlər. Baş Prokurorluq onun ailəsindən qanunsuz əldə edilmiş 200 milyon dollarlıq əmlak və maliyyə resurslarını tələb edir və məhkəmə sistemi bu oğurlanmış əmlakı Ermənistan Respublikasına qaytarmalıdır”.

Hökumət başçısı həmçinin “Güclü Ermənistan” partiyasının lideri və “Taşir” qrupunun başçısı, Kremlin emissarı Samvel Karapetyana qarşı təhdidlər səsləndirərək onu “hərbi hissələrdə elektrik sayğaclarını saxtalaşdıran Kaluqa oliqarxı” adlandırıb: “Bunu etməklə o, ordunu soyub və ciddi şəkildə məsuliyyətə cəlb olunmalıdır. Kaluqa oliqarxı həmçinin (Ermənistana məskunlaşdırılacaq) 300 min azərbaycanlı haqqında yalanı Ermənistanın daxili siyasi gündəliyinə daxil etdiyinə görə məsuliyyətə cəlb olunmalıdır”.

Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyanla bağlı Paşinyan deyib ki, onun 300 milyon dollardan çox qanunsuz aktivləri xalqa qaytarılmalıdır: "Tsarukyan, onun silahdaşları və oğlu törətdikləri cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar".

Mitinqdə çıxış edən Xarici İşlər naziri Ararat Mirzoyan çıxışında Azərbaycanla sülh prosesindəki inkişafdan danışıb: “2018-ci ildən səkkiz il sonra biz yenidən sülhümüzü, ləyaqətlə və sülh içində xoşbəxt yaşamaq hüququmuzu, eləcə də sülhün gətirdiyi inkişaf imkanlarını qorumaq üçün buradayıq”.

Paşinyan həmçinin, yekun çıxışında deyib: “Xalq dövlətin ağasıdır və xalq dövlətə rəhbərlik etməlidir… Mən müstəqil məhkəmə sisteminin mövcudluğuna böyük əhəmiyyət verirəm, amma Ermənistan Respublikasında təəssüf ki, hələ də ədaləti xalq üçün görünən və başa düşülən hala gətirə bilmədiyimiz göz qabağındadır. Niyə bu problem həll olunmayıb? Mən açıq şəkildə deyirəm: bunun əsas səbəblərindən biri xalq tərəfindən qəbul edilməmiş və mülki və məhkəmə mafiyalarını öz himayəsinə götürən Konstitusiyadır”.

Paşinyan son səkkiz ildir ki, bu mafiyalara qarşı mübarizə apardığını əlavə edib. O, həmçinin qeyd edib ki, bu mafiyaların problem yeni Konstitusiya qaydaları olmadan həll edilə bilməz. Onun sözlərinə görə, seçkilərdən sonra yeni Konstitusiyanın qəbul edilməsini son dərəcə vacib hesab etməsinin səbəbi də budur.

O, sonda bütün vətəndaşları Ermənistan Respublikasını, onun müstəqilliyini və azadlığını müdafiə etməyə çağırıb.

C. Məmmədli

“AzPolitika.info”