Ermənistanda seçki məntəqələri saat 08.00-da açılıb və parlament seçkilərində səsvermə başlayıb. 

“AzPolitika” xəbər verir ki, saat 12:00-dan etibarən Ermənistan Mərkəzi Seçki Komissiyası(MSK) hər üç saatdan bir seçici fəallığı ilə bağlı məlumatları açıqlayacaq. Bu barədə MSK məlumat yayıb. MSK-nın seçkinin nəticələrini təxminən saat 23:00-da dərc etməyə başlaması gözlənilir. Elektron səslərin sayılması 8 iyun saat 08:00-da başa çatacaq.

Ermənistan mediasının məlumatına görə, Ermənistanın Baş naziri, "Vətəndaş Müqaviləsi" partiyasının lideri Nikol Paşinyan Ermənistanda keçirilən parlament seçkilərində səs verib.

Paşinyan İrəvanın Şenqavit rayonundakı 8/20 saylı seçki məntəqəsində səsvermədə iştirak edib.

Səsvermədən sonra Paşinyan jurnalistlərə Rusiya ilə münasibətlərin qarşılıqlı hörmətə əsaslandığını və gərginliyin "süni" olduğunu bildirib: "Ermənistanda fəaliyyət göstərən müəyyən qüvvələr Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə gərginlik yaratmağa çalışırlar. Lakin bizim Rusiya Prezidenti ilə yaxın münasibətlərimiz var".

Baş nazir seçkilərdən sonra Moskva, Vaşinqton və Brüsselə səfər etmək, eləcə də Bakıda keçiriləcək beynəlxalq tədbirə qatılmaq niyyətində olduğunu qeyd edib: "Mən Moskva, Vaşinqton və Brüsselə gedəcəyəm. Artıq demişəm ki, Bakıda keçiriləcək Avropa Siyasi Birliyi sammitində iştirak etmək imkanı əldə etməyə ümid edirəm. Biz beynəlxalq münasibətlərimizi tam inkişaf etdirmək niyyətindəyik".

Baş nazirin sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi İttifaqındakı üzvlük statusundan məhrum edilə bilməz, çünki birlik daxilindəki bütün məsələlər konsensus yolu ilə həll olunur.

Daha əvvəl Ermənistan Mərkəzi Seçki Komissiyası Ermənistanda parlament seçkiləri üçün bütün 2005 seçki məntəqəsinin açıldığını təsdiqləyib və səsvermə prosesi zamanı müəyyən texniki problemlərin aşkarlandığını bildirib.

“AzPolitika.info”