Müsavat partiyasının üzvü Tural Abbaslı Gülağa Aslanlının partiyanın İcra Aparatının rəhbəri vəzifəsinə təyin edilməsinə münasibət bildirib.
T.Abbaslı AzNews.az-a açıqlamasında deyib ki, əslində, eyni insanların müxtəlif vəzifələrə təyin edilməsi rəhbər komandanın kadr potensialının zəifliyindən xəbər verir: “Həm də belə təyinatlar bir daha sübut edir ki, hazırkı başqan Müsavat partiyasının potensialından tam istifadə etmək bacarığında deyil. Ya da Arif Hacılının hələ də bərpa edə bilmədiyi həmrəyliyin əksikliyinin nəticəsidir ki, digər bacarıqlı və potensiallı üzvlər bu komandada təmsil olunmur. Əslində, Arif Hacılı hələ də qurultay əhvalından ayrıla bilmir”.
T.Abbaslı əlavə edib ki, Arif Hacılının partiya üzərindəki inamsızlığı və ögeyliyi o dərəcəyə çatıb ki, partiya Məclisinin sədrliyinə alternativsiz seçkilər keçirilir: “Namizədliyinu irəli sürən digər namizəd isə seçkiyə 3 gün qalmış namizədliyini geri götürür. Mən bugünkü partiyadaxili siyasətin hansısa müsbət nəticə verəcəyinə inanmıram”.
Xatırladaq ki, Müsavat partiyasının başqanı Arif Hacılı dekabrın 30-da yeni bir sərəncam imzalayıb. Həmin sərəncama görə G.Aslanlı Müsavat partiyasının İcra Aparatının rəhbəri təyin olunub.

Şərhlər