Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanarkən, "Vətəndaş Müqaviləsi" partiyasının lideri Nikol Paşinyanın sərt və aqressiv ritorikası ölkədə yeni bir siyasi gərginlik dalğasının başladığından xəbər verir. 2021-ci il seçkilərindən sonra qələbəsini qeyd edərkən rəqiblərinə dialoq təklif edən Paşinyan, bu dəfə tamamən fərqli ampluadadır.
"AzPolitika" xəbər verir ki, N.Paşinyan MSK-nin rəsmi bülletenlərin yalnız kiçik bir hissəsini hesabladığı vaxtda – nəticələr hələ tam dəqiqləşmədən özünü qalib elan edib və təkpartiyalı hökumət quracağını bəyan edib. Maraqlıdır ki, baş nazir bu iddialı çıxışından dərhal əvvəl İncildən məzmun oxuyub, ardınca isə müxalifət liderlərinə qarşı açıq təhdidlər yağdırıb.
Paşinyan əsas rəqiblərini Ermənistana qarşı fəaliyyət göstərən "üçbaşlı müharibə partiyası" adlandıraraq, onların ölkədə heç bir sosial bazasının qalmadığını iddia edib:
"Ermənistanda bu marjinal qüvvələrin heç bir dəstəyi yoxdur. Önümüzdəki 5 il ərzində bu qüvvələr öz üç lideri ilə birlikdə siyasi mənada tamamilə məhv edilməlidir. Mən Robert Köçəryanın həbs olunmalı olduğunu demişdim? Köçəryan həbs olunacaq, Qagik Tsarukyan həbs olunacaq, Samvel Karapetyan həbs olunacaq".
2021-ci il seçkilərində milli həmrəylikdən dəm vuran hökumət başçısı, builki seçkidən sonra ritorikasını daha da sərtləşdirib. O, müxalifəti sadəcə həbslə deyil, həm də genişmiqyaslı əmlak müsadirəsi ilə hədələyib:
"Bu qüvvələrin rəhbərləri qanunvericiliyə uyğun olaraq ədalət qarşısında cavab verməlidirlər. Cinayətkar oliqarxiyanın ləğvi çox sürətlə və yüksək templə baş tutmalıdır. Qanunsuz əldə edilmiş əmlakın müsadirəsi mexanizmləri, cinayət işləri vasitəsilə bu proses yekunlaşmalıdır. Onlar siyasi qüvvə deyil, cinayətkar oliqarxik sistemin təmsilçiləridir və Ermənistanda heç bir fəaliyyət sahəsinə sahib olmamalıdırlar".
Paşinyanın çıxışında ən çox diqqət çəkən məqamlardan biri də məhkəmə hakimiyyətinə ünvanlanan birbaşa təhdidlər olub. O, seçki prosesində rüşvət verdiyi iddia edilən şəxslərin uzunmüddətli həbs cəzası almasını tələb edərək hakim korpusa ultimatum göndərib:
"Bu, mənim məhkəmə sistemindən tələbimdir. Əgər hər hansı bir seçki rüşvəti verənin növbəti seçkilərdə azadlıqda olma ehtimalı yaranarsa, bu, məhkəmə sistemində problemimizin olduğu anlamına gələcək. Belə bir vəziyyətdə biz öz xüsusi siyasi alətlərimizlə hərəkətə keçəcəyik".
Qeyd edək ki, "Vətəndaş Müqaviləsi" partiyası seçki öncəsi bələdiyyəyə müraciət edərək bu gün üçün böyük bir qələbə mitinqi planlaşdırsa da, meydanlarda hələlik heç bir kütləvi aksiya qeydə alınmayıb. Baş nazirin arxasında toplaşan azsaylı tərəfdarlarının "Nikol, Baş nazir!" şüarları altında keçən dünənki qapalı toplantı isə Ermənistanda yeni repressiya və daxili siyasi qarşıdurma mərhələsinin anonsu kimi qiymətləndirilir.
"AzPolitika.info"

Şərhlər