2026-cı il futbol üzrə Dünya Kubokuna ev sahibliyi edən ABŞ-nin bir sıra şəhərlərində ictimai nəqliyyatdan istifadə üçün ödənilən məbləğlər adi günlərlə müqayisədə bir neçə dəfə artacaq. 

"AzPolitika" xəbər verir ki, bu barədə xarici KİV-lərdə məlumat yayılıb.

Məsələn, Nyu-Yorkdakı Penn Station-dan Nyu-Cersidə yerləşən MetLife Stadionuna gediş üçün normal günlərdə təxminən 13 dollar ödənildiyi halda, Braziliya – Mərakeş oyunu zamanı eyni marşrut üzrə biletin qiymətinin 98 dollara çatacağı bildirilir. Bu isə cəmi 15 kilometrlik məsafə üçün nəzərdə tutulub.

Oxşar vəziyyət Bostonda da belədir. Belə ki, Gillette Stadionuna qatarla gediş-gəliş adi vaxtlarda təxminən 20 dollara başa gəlir. Lakin Dünya Kuboku oyunları günlərində həmin marşrut üzrə bilet qiymətinin 80 dollara yüksələcəyi gözlənilir.

Qeyd olunur ki, turnirdən təxminən 11 milyard dollar gəlir əldə etməsi gözlənilən FIFA azarkeşlərin nəqliyyat xərclərinin qarşılanmasını öz üzərinə götürmək niyyətində deyil. Təşkilat hesab edir ki, stadionlara nəqliyyatın təşkili və azarkeşlərin daşınması ev sahibi ölkələrin və yerli hakimiyyət orqanlarının məsuliyyətinə daxildir.

Maraqlıdır ki, 2022-ci ildə Qətərdə keçirilən Dünya Kuboku zamanı Haya (Fan ID) kartı olan azarkeşlər metro, tramvay, şəhər avtobusları və stadionlarla əsas nəqliyyat mərkəzləri arasında fəaliyyət göstərən xüsusi avtobuslardan pulsuz istifadə edə bilirdilər. Həmin imtiyaz yalnız oyun günləri ilə məhdudlaşmır, turnirin keçirildiyi bütün müddət ərzində qüvvədə qalırdı.

2018-ci ildə Rusiyada təşkil olunan Dünya Kubokunda da FAN ID sahiblərinə geniş güzəştlər təqdim edilmişdi. Azarkeşlər vizasız giriş hüququndan əlavə, oyun günlərində ictimai nəqliyyatdan ödənişsiz istifadə edə, həmçinin turnirin keçirildiyi şəhərlər arasında hərəkət edən xüsusi qatarlarda pulsuz səyahət edə bilirdilər.

"AzPolitika.info"