Ermənistanın sosial şəbəkə istifadəçiləri və hətta bəzi analitikləri tez-tez "Siz birinci Qarabağ müharibəsini uduzdunuz, biz isə ikincini..." tezisini ortaya ataraq öz auditoriyalarında revanşizm ideologiyası üçün "əsas" yaratmağa çalışırlar. Lakin real faktlar və hüquqi mənzərə tamamilə fərqlidir.

"AzPolitika" xəbər verir ki, keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov öz şərhində erməni tərəfinin bu iddialarını darmadağın edib və ortada "iki böyük fərq" olduğunu diqqətə çatdırıb.

T.Zülfüqarov 1994-cü ildə əldə olunmuş atəşkəslə bağlı tarixi reallıqları xatırladıb: "1994-cü ildə biz yazılı bir saziş yox, sadəcə öhdəliklər götürən və tərəflərin statusunun qeyd olunmadığı bir razılıq əldə etmişdik. Bu, rəsmi sənəd deyil, sadəcə rəqiblə yox, vasitəçi ilə faktların mübadiləsi idi. Erməni tərəfi nə qədər çalışsa da, orada iki rəqib - Ermənistan Müdafiə Nazirliyi və qondarma rejimin "müdafiə nazirliyi" yox idi. Ən əsası, biz atəşkəs elan olunduğu andakı mövqelərimizdə qaldıq, qoşunu geri çəkmədik".

Keçmiş nazir qeyd edib ki, həmin dövrdə danışıqlar düşmənlə yox, Minsk Qrupundan kənar vasitəçilik edən Rusiya Federasiyası ilə aparılırdı və yeganə öhdəlik danışıqları davam etdirmək idi: "Bu, atəşkəs üçün ilk cəhd deyildi. Onun uzunmüddətli olması isə Ermənistanın Gəncə istiqamətindəki genişmiqyaslı hücumunun uğursuzluğa düçar olması ilə bağlı idi. Düşmən mart-aprel aylarında canlı qüvvə və texnika baxımından böyük itkilər verdi və rusiyalı hərbçilərin təkidi ilə hücumu dayandırmağa məcbur oldu".

Politoloq 2020-ci ilin noyabrında İkinci Qarabağ Müharibəsinin başa çatması ilə hüquqi və hərbimüstəvidə tamamilə fərqlimənzərəninin yarandığını bildirib: 1994-cü ildən fərqli olaraq, 2020-ci ildə sənədi Müdafiə Nazirliyi yox, birbaşa Ermənistan dövlətinin başçısı (baş nazir) imzaladı. O, bu sənədi müharibə apardığı dövlətin başçısı (Azərbaycan Prezidenti) və vasitəçilik edən dövlətin başçısı (Rusiya Prezidenti) ilə birlikdə imzalamağa məcbur oldu.

Ermənistan rəhbərliyi müəyyən edilmiş müddət ərzində özünün bütün qoşunlarını və hərbi texnikasını müharibə edən tərəflərin şərti sərhədlərindən kənara çıxarmaq öhdəliyini götürdü və bunu icra etdi.

Ermənistan tərəfi bir sıra ağır hərbi-texniki öhdəlikləri qəbul etdi və yerinə yetirdi”.

Tofiq Zülfüqarov bütün bunları tək bir sözlə xülasə edib: "Yəni, Ermənistan kapitulyasiya etdi!"

Keçmiş nazir erməni tərəfinə xəbərdarlıq edərək fikrini yekunlaşdırıb: "Ona görə də erməni opponentlərimizə siyasi məqsədlər naminə hamımızın şahidi olduğumuz hadisələrin reallığını təhrif etməyə çalışmamağı tövsiyə edirəm".

Rasim Əliyev

"AzPolitika.info"