Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardığını açıqlayıb.

"Report"un məlumatına görə, o, bununla bağlı teleqram kanalında paylaşım edib.

Zelenski Trampı ad günü münasibətilə təbrik etdiyini, onunla sülhə nail olmaq və Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq yolları da daxil olmaqla əsas məsələləri müzakirə etdiyini bildirib.

O, həmçinin Ukraynaya verdiyi dəstəyə görə Amerika tərəfinə təşəkkür edib və "Javelin"lərdən "Patriot"lara qədər yardımını qeyd edib.

Zelenski Trampı cəbhə xəttindəki vəziyyət və Ukrayna qüvvələrinin gücləndirilməsi barədə məlumatlandırdığını və G7 sammitində təmaslarım davam etdiriləcəyinə ümid etdiyini bildirib.

"İndi sülhü yaxınlaşdırmağa nəyin kömək edə biləcəyini müzakirə etdik. Sülhü yaxınlaşdırmağa və həyatları qorumağa kömək edə biləcək yaxşı ideyalarımız var", - o yazıb.