Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampa zəng edərək onu 80 illik yubileyi münasibətilə təbrik edib. Söhbət zamanı Ukraynadakı müharibə də daxil olmaqla, əsas beynəlxalq məsələlər müzakirə olunub.

“AzPolitika” xəbər verir ki, bunu Putinin köməkçisi Yuri Uşakov jurnalistlərə deyib.

Uşakov telefon danışığının bəzi təfərrüatlarını da açıqlayıb. Onun sözlərinə görə, Tramp yenidən Putini müharibəni "mümkün qədər tez" bitirməyə çağırıb və bunun "ABŞ-Rusiya münasibətlərinin həqiqətən yeni keyfiyyətinin yaradılması üçün perspektivlər açacağına” söz verib.

Tramp həmçinin 15-17 iyun tarixlərində keçiriləcək G7 sammiti çərçivəsində Avropa tərəfdaşlarına və Kiyevə sülh üçün təsir göstərməyə hazır olduğunu bildirib.

Ardınca, Uşakov "Rusiya ərazisində mülki hədəflərə edilən son zərbələr, əlbəttə ki, nizamlanmaya mane olur. Bu, qeyd edilib", - deyə bildirib.


Lakin Rusiyanın Ukraynanın mülki infrastrukturuna, böyük şəhərlərinə kütləvi zərbələrinin nizamlanmaya necə təsir etdiyi barədə danışmayıb...

Putin cavabında Trampa deyib ki, "Kiyev rejiminin Rusiyadakı mülki infrastrukturu vurmaq cəhdləri Ukrayna üçün döyüş meydanındakı kritik vəziyyəti dəyişdirməyəcək". Bunu Uşakov jurnalistlərə çatdırıb.

Onun sözlərinə görə, Putin G7 sammitində Avropa liderlərinin və Ukrayna Prezidenti Volodimir Zelenskinin "hər şeyi tam əks şəkildə təqdim etməyə çalışacağına və yalnız münaqişənin uzadılmasına və hərbi əməliyyatların davam etdirilməsinə yönəlmiş ideyalar təklif edəcəyinə” əminliyini bildirib.

Uşakov əlavə edib ki, əgər Zelenski bir daha Putinlə görüşmək zərurəti barədə danışmağa başlasa, "qoy Moskvaya gəlsin".

Söhbət zamanı amerikalı danışıqçılar Stiv Uitkoff və Cared Kuşnerin yaxın gələcəkdə Rusiya paytaxtına səfər edəcəkləri barədə də razılıq əldə edilib.

Qeyd edək ki, Putinin açıqlamalarının əksinə olaraq, onun ordusu artıq iki aydır bəzi istiqamətlərdə Ukraynanın əvvəllər ələ keçirilmiş ərazilərindən belə geri çəkilir. Amerika Müharibə Tədqiqatları İnstitutunun (ISW) məlumatına görə, aprel ayında Rusiyanın ərazi itkiləri 116 kvadrat kilometr təşkil edib, may ayında isə 281,1 kvadrat kilometrə çatıb ki, bu da Rusiya qoşunları üçün 2023-cü ildən bəri ən pis göstəricidir.

Analitiklər bunu Ukrayna Silahlı Qüvvələrinin əks-hücumları, Ukrayna pilotsuz təyyarələrinin hücumlarının artması və Rusiya qoşunları üçün “Starlink” terminallarının, “Telegram” messencerinin bloklanması ilə əlaqələndiriblər.

Pentaqon da Ukrayna Silahlı Qüvvələrinin işğaldakı ərazilərin bir hissəsini azad etdiyini etiraf edib. ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, ukraynalılar 2026-cı ilin ilk aylarında təxminən 400 kvadrat kilometr ərazini geri alıblar.

Reallığa baxmayaraq, Putin müntəzəm olaraq ordusunun "bütün istiqamətlərdə irəlilədiyini", Luqanskı tam, Donetskin isə 85%-ni ələ keçirdiyini təkrarlayır. “Financial Times” mənbələrinə görə, Baş Qərargah Putini Rusiyanın payıza qədər bütün Donbası geri alacağına inandırıb, bundan sonra o, cəbhə xəttində müharibəni dondurmaqdan imtina edib.

“Guardian” isə öz mənbələrinə istinadla bildirib ki, Putin cəbhədə baş verənlər barədə təhrif olunmuş məlumatlar alır. "Əlbəttə ki, rəsmilər və hərbçilər prezidentə parlaq bir mənzərə yaradırlar. Ona yalan danışırlar. Putinin qurduğu sistem belə işləyir".

C.Məmmədli

“AzPolitika.info”