Rusiya hesab edir ki, Ukraynanın ən mühüm dini və tarixi mərkəzlərindən sayılan, UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş Kiyev-Peçersk Lavrasını vurmaqla, Ukraynanın Krım yarımadasında "Sevastopolun Müdafiəsi" tikilisinə endirdiyi zərbənin qisasını alıb.

“AzPolitika” xəbər verir ki, belə bir açıqlama ilə Ukrayna Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini Andrey Rıjenko çıxış edib. O, mediaya açıqlamasında deyib ki, Putin Kiyev Lavrasına zərbəni Krımdakı "Sevastopolun Müdafiəsi" panorama binasına dəyən ziyana görə qisas kimi qəbul edə bilər: "Şəxsən Putin hesab edir ki, bu, onun imicinə ciddi zərbədir. Çünki Krım müharibəsi və Sevastopol onun üçün mühüm ideoloji xarakter daşıyır. Düşünürəm ki, bu dəfə diqqətin paytaxtımızdakı bu cür tarixi yerlərə yönəlməsi bununla əlaqəlidir".

Rusiyanın gecə hücumunu şərh edən Rıjenko əlavə edib ki, Ukraynanın Rusiya qanadlı raketlərini vurmaq üçün kifayət qədər vasitəsi var. Buna görə də Rusiya genişmiqyaslı hücumlar zamanı “Kalibr” raketlərindən istifadəni azaldıb. Lakin Ukraynanın ballistik raketlərə qarşı mübarizədə problemləri var. Rıjenkonun sözlərinə görə, bunun səbəbi Ukraynada “PAC-3” raketlərinin sayının az olmasıdır.

Bu arada Ukrayna Təhlükəsizlik Xidməti bəyan edib ki, Kiyev-Peçersk Lavra ərazisindəki zərbə yerində Rusiyanın “Geran-2” PUA-larının qalıqları tapılıb. Qalıqların fotoşəkilləri dərc edilib. Volodimir Zelenski isə deyib ki, Lavraya iki PUA ilə məqsədli şəkildə zərbə endirilib. Ancaq Rusiya tərəfi iddia edib ki, əraziyə düşən guya Ukraynanın istifadə etdiyi “Patriot” raketi olub…

“AzPolitika.info”