Ukrayna ordusunun Rusiya daxilindəki strateji-iqtisadi obyektlərə yönəlmiş dron hücumları daha bir böyük uğura imza atıb. Rusiya paytaxtının güclü eşelonlaşdırılmış hava hücumundan müdafiə (HHM) sistemini yaran Ukrayna pilotsuz uçuş aparatları Moskva Neftayırma Zavoduna dəqiq zərbə endirib.
"AzPolitika.info" xəbər verir ki, hədəfə alınan bu müəssisə Rusiya energetika nəhəngi "Qazpromneft"ə məxsusdur və paytaxt Moskva üçün həyati əhəmiyyət daşıyır. Belə ki, sözügedən zavod Moskvanın benzinə olan tələbatının 40 faizini, dizel yanacağına olan ehtiyacının isə 50 faizini təkbaşına təmin edir. Bu strateji obyektin sıradan çıxarılması onsuz da gərgin olan daxili bazarda vəziyyəti daha da pisləşdirib.
Ukraynanın ardıcıl zərbələri fonunda Rusiya daxili bazarı artıq ciddi yanacaq böhranı ərəfəsindədir. Son həftələr ərzində ölkənin bir çox regionunda sərt qənaət rejimi tətbiq edilməyə başlanıb. Hazırda böhrandan əziyyət çəkən regionlardakı yanacaqdoldurma məntəqələrində hər avtomobilə maksimum 20 litr benzin vurulmasına icazə verilir.
Statistik göstəricilər də fəlakətin miqyasını təsdiqləyir. İyunun ilk həftəsində Rusiyada ümumi neft emalı sutkada 4 milyon bareldən aşağıdüşüb. Rəsmi rəqəmlər göstərir ki, bu, Rusiya üçün son 21 ilin ən aşağı göstəricisidir.
İşğal olunmuş Krım yarımadasında isə yanacaq və logistika mənzərəsi daha acınacaqlıdır. Ukrayna Silahlı Qüvvələri təkcə yarımadanın deyil, eyni zamanda Zaporojye və Xerson vilayətlərinin də işğal altındakı hissələrinin logistik xətlərini və təminat yollarını tamamilə kəsmək istiqamətində genişmiqyaslı əməliyyatları davam etdirir.
Hərbi ekspertlərin rəyinə görə, logistik xətlərin tam iflic edilməsi prosesinin yekununda Ukrayna ordusunun Xersonun cənubu və Krım istiqamətində böyük hücum əməliyyatlarına başlayacağı istisna edilmir. Moskva Neftayırma Zavodunun vurulması isə Kremlin cəbhəni yanacaqla təmin etmək imkanlarını minimuma endirir.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər