Ermənistanın Rusiyaya ümumi mal ixracı ÜDM-in təxminən 6%-ni təşkil edir. Rusiya ilə yaranan hazırkı problemlər əsasən kənd təsərrüfatı məhsullarına və az sayda istehsal və qida sənayesinə təsir göstərir. Buna görə də hadisələrin mənfi gedişi Ermənistan ÜDM-nin 2%-ə qədər azalmasına səbəb ola bilər.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan bu gün yerli jurnalistlərlə görüşdə bildirib.
O, Rusiyanın Ermənistandan idxala qoyduğu mövcud məhdudiyyətləri və bununla əlaqəli iqtisadi riskləri dəyərləndirərkən deyib ki, əsas sual sanksiyaların davam edəcəyi və sərtləşdiriləcəyi təqdirdə iqtisadiyyatın buna nə dərəcədə davamlı olacağıdır. Mərkəzi Bank bu sahədə Rusiyaya ixrac üçün ən həssas olan mal növlərini müəyyən edib. “Məsələn, bazarları dəyişdirə bilməsək və yalnız Rusiyaya bağlı qalsaq, Ermənistan daxilində təklifin artması inflaysiyaya təsir edə bilər. Nəticədə, xüsusən də tərəvəz, qazsız və qazlı mineral su, spirtli içkilər və çəyirdəkli meyvələrdə müəyyən deflyasiya hadisələrini gözləyirik”.
Onun sözlərinə görə, bazarın şaxələndirilməsi mümkün olarsa bu təsirlər daha yüngül olacaq. Spirtli içkilər kimi əsas ixrac olunan mallara gəldikdə, ixracın ümumi istehlakda payı yüksəkdir və Rusiyada qəbul edilən qərarlar birbaşa bu sektora təsir göstərir. Mərkəzi Bank rəhbəri qeyd edib ki, ən həssas sektorlardan gələn gəlirlər ÜDM-in təxminən 1,5-2 faizini təşkil edir, buna görə də Rusiyanın məlum addımları Ermənistan ÜDM-nə maksimum 2 faiz təsir edəcək.
Qeyd edək ki, Ermənistanın Rusiyaya ixracında ikili təyinatlı mallar – Rusiya hərbi sənayesinin istifadə etdiyi elektrotexnika məhsulları var. Bunlar əsasən digər ölkələrdən Ermənistana idxal edildikdən sonra Rusiyaya ötürülür. Rusiya əlbəttə ki, bu mallara heç bir qadağa qoymur. Ona görə də Rusiyanın yalnız kənd təsərrüfatı və digər ərzaq məhsullarına qoyduğu qadağanın Ermənistanın ÜDM-nə təsiri də azdır.
“AzPolitika.info”

Şərhlər